Yoxsulluq siqaret çəkməkdən daha zərərlidir

Azərbaycan əhalisinin sağlamlığının müdafiəsindən narahat olan Milli Məclis bu yaxınlarda “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Yaxın günlərdə sənədin son variantda qəbul ediləcəyinə şübhə yoxdur.
Sənəddə siqaret çəkməyin qadağan ediləcəyi yerlər müəyyən olunacaq. Siyahıya təhsil müəssisələri, idman yarışlarının və digər kütləvi tədbirlərin keçirildiyi yerlər, ticarət obyektləri, restoranlar, kafelər, barlar, tibb müəssisələri, sanatoriyalar, kurortlar, sosial obyektlər və s. daxildir.
Vətəndaşların sağlamlığının qeydinə qalmaq, əlbəttə ki, təqdirəlayiqdir. Amma insanın normal həyatını təmin etmək üçün minimum maddi tələbatı səciyyələndirən sosial şərtlərə – işə, layiqli əmək haqqına, ərzağa, geyimə, evə də ehtiyac var. Bu amillərin olmaması vətəndaşların səhhətinə mənfi təsir göstərir, psixoloji narahatlıq, stres və depressiya yaradır.
İnsanın sağlamlığı və həyat səviyyəsi arasındakı əlaqə açıq-aşkardır. Bu yaxınlarda beynəlxalq monitorinq təşkilatlarından birinin apardığı yeni araşdırmalar da bunu göstərir. Sağlamlıq və maddi imkan səviyyəsinin, habelə vətəndaşların ömür müddətinin ölçülməsi üçün işlənib hazırlanmış müxtəlif milli sorğuların nəticələrinə əsaslanan hesabat ciddi problemlər üzərində düşünməyə məcbur edən maraqlı sənəddir.
Sən demə, yoxsulluq və onun bütün nəticələri insan ömründən siqaretdən daha çox illər alır. Aşağı gəlirli orta statistik insan sağlam həyatın tam 8,2 ilini, müvəffəqiyyətsizliyə görə məktəbdən çıxarılan şəxs isə həyatının 5,1 ilini itirir. Müqayisə üçün, kök insan 4,2 il və hətta siqaret çəkən şəxs pis vərdişinə görə 6,6 ilini itirir.
Yeni araşdırma göstərir ki, yoxsulluq və təhsilsizlik ən az, məsələn, siqaret çəkmək qədər əhəmiyyətli problemlərdir. Sağlamlığa ən güclü təsiri yoxsulluq göstərir, daha sonra siqaret çəkmə, təhsilsizlik, köklük, sərxoşluq və sığortanın olmaması gəlir.
Azərbaycanda siqaret çəkməklə bağlı vəziyyət ürəkaçan deyil (rəsmi statistikaya əsasən, ölkə əhalisinin 15 yaşından yuxarı əhalisinin 35%-i siqaret çəkənlərdir ki, bu da təxminən 2,5 milyon nəfər təşkil edir), yoxsulluqla bağlı vəziyyət isə daha da pisdir.
Ötən il Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı iddia edirdi ki, ölkə əhalisinin 29%-i orta sinfin nümayəndələridir. Bu rəqəm ailələrdə kompüterlərin sayı və yaradılmış iş yerlərinin sayı əsasında hesablanıb.
Amma müstəqil ekspertlər bu iddianı tamamilə darmadağın etdilər. Evdə köhnə fərdi kompüterin olması və aşağı əmək haqqı verən iş yerlərinin açılması orta sinfin müəyyən edilməsində meyar deyil. Beynəlxalq təsnifatlara əsasən, orta sinfin nümayəndələrini müyyən etmək üçün bir sıra daimi meyarlar var – maddi imkan səviyyəsi, sosial status və özünüidentifikasiya. Azərbaycanda birinci meyar əsas sayılır, buna görə sosial statusa və özünüidentifikasiyaya hələlik diqqət yetirilmir.
“Davamlı İnkişaf Araşdırmalar Mərkəzi”nin sədri Nəriman Ağayevin fikrincə, iqtisadi böhran əhalinin maddi vəziyyətinə görə bölünməsi prosesini sürətləndirib. Bu gün ölkədə orta sinfin səviyyəsi bütün ölkə əhalisinin 15%-dən az təşkil edir, 70-75% yoxsul, 10-15% isə zəngindir. Yoxsullar kateqoriyasına ünvanlı sosial yardım alan 105 mindən çox ailə (və ya 453 372 vətəndaş), işsizlər, müəllimlər, həkimlər və minimum əmək haqqı alan digər işləyənlər aiddir. Orta sinfə aid olan əhalinin payı 8% aşağı düşüb, bir halda ki, 2014-cü ildə bu göstərici 22% səviyyəsində idi. İnflyasiya, gəlirlərin azalması, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi ailələrin büdcəsinə mənfi təsir göstərib.
“Azərbaycanda baş vermiş iki devalvasiya zəngin vətəndaşlara çox da toxunmayıb, onların kapitalları əllərində qalıb, amma yoxsulların sayı daha da çoxalıb”, deyə Ağayev qeyd edir.