Əcnəbilər Bakıda keçirilən şopinq festivala maraq göstərməyib

Bakıda keçirilən şopinq festival əcnəbilərdə təşkilatçıların gözlədiyi marağı doğrultmur. Bunu rəqəmlər və vizual müşahidələr də sübut edir.
Vergilər Nazirliyinin məlumatına görə, aprelin 23-ü üçün festival çərçivəsində 6 mln 313,2 min manatlıq alver edib, bunun 612,97 min manatı ƏDV-dir.
Alıcılara nağd şəkildə 595 min manat qaytarılıb.
Festivalın 2 həftəsində 172 obyektdə alınan mallara 8 min 358 elektron vergi hesab fakturası tərtib edilib, bunun 7 mini 902 Azərbaycan vətəndaşlarının, 505-i əcnəbilərin payına düşüb.
Qeyd edək ki, iki şopinq festivalın təşkili üçün 1,5 mln manat xərcləyib 50 mln manat qazanmaq istəyirlər.
Turistlərin cəlb edilməsi baxımından da şopinq festivalı baş tutmuş saymaq olmaz. Vizual baxışdan da turistlərin çox olmadığı sezilirdi. Ərəb turistlərin kütləsi də artmayıb.
Amma mədəniyyət və turizm naziri Ə.Qarayev şopinq festivalın gedişindən razıdır. O, jurnalistlərə deyib ki, alışların qiymətinin 10%-i müştərilərə qaytarılıb. Ticarət dövriyyəsi isə 3,5 mln manat artıb.
“Hazırda festivala marağın artdığını görürük. Ciddi reklam olmadı. Festival özü maraq doğurdu”, deyə o bildirib.
İqtisadçı Qubad İbadoğlu Turan-a bildirib ki, statistika şopinq festivala marağın az olduğunu göstərir.
“Əsas məqsəd daha çox turist cəlb etmək və şopinq festivalda daha çox turistin iştirakını təmin etmək idi. Amma bu, baş vermədi”, deyə o bildirib.
Onun fikrincə, bundan nəticə çıxarmaq, problemləri analiz etmək lazımdır.
“Məsələ təkcə yerli məhsulların az olmasında deyil, onlar beynəlxalq standartlara uyğun gəlmir”, deyə Qubad İbadoğlu bildirib.
Qeyd edək ki, dünyada ən məşhur şopinq festivallar Dubay və İstanbulda olur. Dubay azad iqtisadi zonadır və qiymətlər başqa şəhərlərdən daha ucuzdur. İstanbulun uğuru isə Türkiyənin güclü tekstil sənayesi ilə bağldıır. İstanbulda şopinq festival zamanı turist sayı 15%, ticarət dövriyyəsi 26% artır. Festivaldan gəlir 3 mlrd-dan 3,8 mlrd dollara qədər olur.