Əfqan Muxtarlı Bakıya gətirilib, DSX-da saxlanıldığı bildirilir

Mayın 29-da Gürcüstanın paytaxtında yoxa çıxdığı bildirilən jurnalist Əfqan Muxtarlının Azərbaycana, Bakıya gətirilidiyi bildirilir.

Abzas.net xəbər verir ki, bu barədə jurnalist vəkil Nemət Kərimliyə zəng edib bildirilib. Vəkilin sözlərinə görə jurnalist hazırda Dövlət Sərhəd Xidmətində saxlanılır.

Vəkil deyib ki, Tiflisdə saxlanılan şəxsin Dövlət Sərhəd Xidmətində nə işi var? O əlavə edib ki, hələ ki rəsmi ittiham məlum deyil.

Əfqan Muxtarlı uzun illər Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olub. 2 ilə yaxındır ailəsi ilə Tiflisdə yaşayır. Son dövrlər Azərbaycan və Gürcüstan hakimiyyətlərinin Tiflisdə olan azərbaycanlı fəallara qarşı hərəkətlərindən danışır.

Həmçinin, Əfqan Muxtarlı “Əliyevlərin Gürcüstandakı biznesi” başlıqlı silsilə araşdırma yazılarının müəlliflərindən biridir. Araşdırmada Azərbaycan prezidenti ailəsinin həmin ölkədəki biznes şəbəkəsindən bəhs edilir.