Avropa Məhkəməsi qapalı həbsxanada ölüm işi ilə bağlı qərar verib

Avropa Məhkəməsi mayin 4-də Zeynal Mustafayevin işi üzrə qərarını elan edib. Məhkəmə qərarı ilə Ərizəçinin oğlunun Qobustan həbsxanasında ölümü ilə bağlı səmərəli araşdırma aparılmaması və nəticədə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusu tanınıb. Məhkəmə mənəvi ziyana görə 20 000 avro, hüquqi xidmətə görə 3 500 avro təyin edib.
Bu barədə həmin iş üzrə vəkil olmuş Əsabəli Mustafayev məlumat verib. Hadisənin detallarını xatırladan vəkil bu işin çox faciəvi və eyni zamanda ibratamiz olduğunu qeyd edib:
“Bu hadisə nəticəsində gənc bir şəxs həlak olmuşdur. Övladının ölmündən sonra ana qısa zaman şəkər xəstəliyinə tutulur və vəfat edir. Ata da bu xəstəliyin ağır dərəcəsinə mübtəla olur, lakin ədalət axtarışı hissilə bu günə qədər çarpışır. Bu hadisə ona görə öyrənilməlidir ki, hal-hazırda da bir çox cəzaçəkmə müəssələrində, o cümlədən Qobustan həbsxanasında dustaqlara oxşar münasibət davam edir.
Mərhum Mahir Mustafayev öz hüquqlarını bilən, bu hüquqların pozulması ilə barışmayan bir şəxs olub. Mahir həbsxana əməkdaşlarının ona qarşı edilən hərəkətlərini qanunsuz saydıqda bu barədə həm milli, həm də beynəlxalq təşkilatlara şikayətlər yazırdı. Bu şikayəyətlərin yoxlanılması üçün həbsxanaya ya komissiya gəlir, ya da sorğular göndərilirdi. Onun bu hərəkətləri həbsxana əməkdaşlarında ona qarşı kin yaratmış, tez-tez ona qarşı repressiyalar ilə nəticələnirdi. Son şikayətlərində Mahir həyatına təhlükə olduğunu da bildirmiş və şəxsi həyatının qorunması üçün tədbirlər görülməsini xahiş etmişdi. Lakin bu şikayətlər üzrə hökumət orqanları heç bir səmərəli tədbir görməmişdilər. Mahir Mustafayev 3 dekabr 2006-cı il tarixdə saxlandığı kamerada müəmmalı şəkildə yanmışdı. Bu hadisə ilə bağlı iki versiya mövcuddur: rəsmi və zərərçəkmiş tərəfin. Rəsmi versiyaya görə Mahir geçə vaxtı siqaret çəkərkən ehtiyatsızlıq etmişdir. Nəticədə siqaret onun yatdığı çarpayının üzərinə düşmüş və Mahir də ağır yanıq xəsarəti almışdı. Bundan sonra guya Mustafayev özünü yaxşı hiss eləmiş, hətta yanğının öz ehtiyatsızlığından baş verməsi barəsində izahata imza etmişdi. İzahat verdikdən sonra, təqribən səhər saat 9 radələrində Mustafayevin vəziyyəti kəskin pisləşmişdir. Təqribən saat 11 radələrində Mustafayev müalicə müəssəsinə etap edilmişdir. Mustafayevi müalicə müəssəsinə aparan nəqliyyat vasitəsi müəmmalı şəkildə yolda xarab olmuşdur. Bu səbəbdən Mustafayev təqribən saat 16 radələrində, yəni yanğın hadisəsi baş verdikdən 8-9 saat sonra xəstəxanaya çatdırılmışdır və bir neçə dəqiqədən sonra orada vəfat etmişdir. M.Mustafayevin müəmmalı vəfatı haqqında məlumat xəstəxana rəhbərliyi tərəfindən teleqramla 6 dekabr tarixində onun atasına göndərilmişdir. Lakin sonradan atasına məlum olub ki, teleqramma mərhum dəfn olunduqdan sonra göndərilib.
Bizim versiya görə isə M.Mustafayev həbsxana əməkdaşları tərəfindən işgəncələrə, bədənin bir hissəsinin yandırılmasına məruz qalmışdır və ondan yuxarıda göstərilən məzmunda izahat alınmışdır. İşgəncə nəticəsində M.Mustafayevin ölümünü ört-basdır etmək üçün kamerada yanğın imitasiyası təşkil olunmuşdur. Bu versiyanı təsdiq edən amillər də var. Belə ki, həmin dərəcədə yanmış şəxs heç vaxt yazı yaza bilməz. Ən əsası kameradakı yanğın ilə bağlı ekspertiza aparmaq mümkün olmayıb. Çünki hadisənin səhəri günü kameraya baxış üçün gələn ekspertlər müəyyən ediblər ki, hadisədən dərhal sonra kamerada təmir işləri aparılıb və yanğının bütün əlamət və nəticələri aradan qaldırılıb. Prokurorluğun hadisədən cəmi 2 gün sonra cinayət işinin başlanmasından imtina etməsi də bir çox mətləblərdən xəbər verir.
Avropa Məhkəməsi bu ölüm işi üzrə səmərəli araşdırma aparılmadığı qənaətinə gəlmişdir. Bu o deməkdir ki, hökümət yeni araşdırma aparmaq vəzifəsi daşıyır. Ümid edək ki, bu baş tutacaq və növbəti araşdırma daha səmərəli olacaq.”
Vəkil konpensasiyanın azlığından razı qalmadığını bildirib: “Təəssüf ki, Avropa Məhkəməsi təyin etdiyi kompensasiyanın məbləqində yenə xəsislik edib. Hər halda insan ölümü faciədir və mərhumun yaxınlarına daha ağır zərər vurur”.
Əsabəli Mustafayev həmcinin belə işlərdə avropada fəaliyyət göstərən vəkillərlə müqayisədə azərbaycanlı vəkillərin işinə layiqincə qiymət verilməməsindən gileylənib. “Bizimlə Avropada çalışan vəkillərin əməyinin qiymətləndirilməsində ciddi fərq qoyulub. Belə ki, bu günlərdə oxşar işdə (Rüşanə Hüseynova Azərbaycana qarşı) xarici nümayəndəyə 10 000 avro ayrılmışdır. Xarici vəkillərdən fərqli olaraq biz tərcümələrə böyük məbləqdə vəsait xərcləməli oluruq. Bu işdə isə tərcümələrin sayı 200 vərəqə çatırdı (Ərizəçi buna görə 1 manat da xərcləməmişdir). Əminəm ki, həmin vəkil öz ölkəsinin büdəcəsindən də bu işdə pulsuz hüquqi yardıma görə də 2 dəfə artıq ödəniş alıb. Bu münasibətlə barışmaqdan digər əlacımız yoxdur”,- deyə vəkil qeyd edib.