Azərbaycan iqtisadiyyatı 1,2% azalıb

2017-ci ilin yanvar-aprel aylarında ölkədə 20 mlrd. 139,8 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% az ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu dövrdə sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması ümumi daxili məhsulun həcminin azalmasına təsir edən əsas amil olub.
Eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% artıb.
Ümumi daxili məhsulun 44,6%-i sənayedə, 11%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,2%-i tikintidə, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 14%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2075,5 manata bərabər olub.