Bir neçə dövlət orqanında maaşlar verilmir, rəsmi cavab – “gözləsinlər”

Arxiv: "Azərmühafizə"nin işçiləri Qazax rayon prokurorluğu qarşısında aksiya keçirir - 2015, fevral
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin Şəhər İşıqlandırma İdarəsində administrasiya və kollektiv arasında yaranan əmək münaqişəsinin tətilə və ya piketə çevrilmək ehtimalı var.
Məsələ bundadır ki, paytaxt küçələrinin işıqlandırılması ilə məşğul olan idarənin yüzlərlə işçisi dördüncü aydır ki, əmək haqlarını ala bilmir. İdarəyə 11 rayon bölməsi daxildir.
Turan İnformasiya Agentliyinə telefon edən bir neçə əməkdaş bildirib ki, əmək haqlarının yubadılması 2016-cı ildə başlayıb. O zaman bu yubanmalar iki ay davam edirdi, indi isə bu müddət iki dəfə artıb.
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentindən bu faktı təsdiqləyiblər. Müvafiq qurumun rəis köməkçisi Səidə xanım (soyadını açıqlamayıb) bildirib ki, işçilərin əmək haqlarının yubadılması məsələsi yaxın vaxtlarda həllini tapacaq. Əməkhaqqı üzrə borclar ödəniləcək.
Ancaq məlum olub ki, Şəhər İşıqlandırma İdarəsinin işçiləri bu vədlərə inanmırlar. Çünki ötən ildə də dəfələrlə belə olub.
Öncə təşkilatın keçmiş rəisi Məhərrəm Babayev (bu yaxınlarda pensiyaya göndərilib) işçiləri sakitləşdirib ki, bu günlərdə müəssisənin hesabına pul daxil olacaq və heç yana gedib şikayət etmək lazım deyil, əks halda iş ilə vidalaşmalı olacaqlar.
Hədə-qorxu öz işini görüb. Heç kim danışmayıb. Ancaq vəd yerinə yetirilməyib. Yeni rəis Təyyar Abdullayev işə başlayıb. Ona etibar edilən müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün səy göstərsə də hələlik bir nəticəsi yoxdur.
İdarənin əməkdaşları bildiriblər ki, büdcəyə vergi borcları və elektrik enerjisinə görə “Azərişıq” ASC-yə olan borclar işçilərin əmək haqlarının hesabına ödənilir. Bu maliyyə əməliyyatları Mənzil-Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Abdullayevin göstərişi ilə edilir.
Təəssüf ki, bu münaqişəli vəziyyətlə bağlı Rafael müəllimlə danışmaq mümkün olmayıb. Onun telefonları cavab vermir.
Bu gün Azərbaycanda həm dövlət, həm də özəl sektorda əmək haqları üzrə borcların yaranması məsələsi nadir hadisə deyil.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları Turan-ın müxbiri ilə şəxsi söhbətləri zamanı əməkhaqqının gecikdirilməsindən şikayətləniblər.
AZAL Dövlət Konserni və ARDNŞ-nin bölmələrində, bəzi kommersiya banklarında, tikinti şirkətlərində də eyni vəziyyət yaranıb. Əmək haqlarının gecikdirilməsi bir aydan yarım ilədək sürür.
Bundan əlavə, sosial ödənişlər üzrə yubanmalar baş verir. Vətəndaşlar ünvanlı sosial yardımları və digər müavinətləri ala bilmir.
Bu ilin aprelində Biləsuvar rayonunda bir qrup sakin etiraz əlaməti olaraq Bakı-Astara yolunu bağlamışdı. Onlar sosial ödəmələr üzrə borcların ödənilməsini tələb edirdilər.
Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qeyd edib ki, ölkədəki iqtisadi böhran vergi yığımının tempinə və büdcəyə köçürmələrə mənfi təsir göstərib ki, bu da əmək haqları, müavinətlər və kompensasiyaların ödənilməsi üçün maliyyə çatışmazlığına səbəb olur. Bütün dövlət qurumlarında qənaət məqsədilə mükafatlar, əlavələr və bonuslar ləğv edilib. Xəzinədə maliyyə qıtlığı yaranıb ki, bu da əməkhaqqı üzrə borclara səbəb olur və bu da öz növbəsində iş yerlərində münaqişələrin yaranmasına sövq edir.
“İşçilər əmək haqlarının gecikdirilməsi ilə bağlı açıq şəkildə narazılıq etməyə, etiraz aksiyası keçirməyə ehtiyat edirlər. Onlar işdən çıxarılmaqdan, ixtisar olunmaqdan qorxurlar. Odur ki, kütləvi etirazlar müşahidə edilmir. İşəgötürənlər də iş yükünü artırır və hesab edirlər ki, böhran zamanında işçinin çıxış yolu yoxdur, işsiz qalmamaqdan ötrü bütün hallarda çalışacaq”, – S.Məmmədov bildirib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən əməkhaqqı və sosial müavinətlər üzrə borcların ümumi məbləği barədə məlumat və bu sahədə vəziyyətin tənzimlənməsinə dair tədbirlərlə bağlı şərh almaq mümkün olmayıb. Gün ərzində bütün idarələrin telefonları cavab verməyib.