Cənubi Koreyada istefaya göndərilən prezidentin yerinə seçki keçirilir

Mayın 9-da Cənubi Koreyada növbədən kənar prezident seçkiləri keçirilir. Keçmiş prezident Park Geun-hye istefaya göndəriləndən sonra seçkilər təyin olunub. 
Abzas.net xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə 42,4 milyon insan seçkilərdə səs verə bilər. Ölkə əhalisinin 82 faizi səs vermək hüququna malikdir.
Seçki məntəqələrində səsvermə yerli vaxtla saat 06.00-da başlayıb, saat 20.00-da başa çatacaq.
“Gallup Korea” şirkəti seçki kampaniyası dövründə rəy sorğuları keçirib və nəticələri açıqlayıb. Son nəticələr mayın 3-də elan olunub.

Ən şanslı namizəd 13 şəxs arasında Demokrat Partiyanın namizədi Moon Jae-In-dur. Sorğulara görə, o, seçkilərdə 40 faizdən yuxarı səs toplayacaq.
Rəy sorğularına əsasən, ikinci sırada Xalq Partiyasının namizədi Ahn Cheol-soo 24 faiz səs qazanacaq.
Cənubi Koreyanın xanım prezidenti Park Geun-hye vaxtından əvvəl postundan kənarlaşdırılıb, daha sonra isə rüşvətxorluq və hakimiyyət səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.