Fərman Ceyranlının ailəsi açıqlama yayıb

Gürcüstanda fəaliyyət göstərən “Lancet” Tibb Mərkəzinin təsisçilərindən biri olan azərbaycanlı cərrah Fərman Ceyranlının həbsi ilə bağlı ailəsindən açıqlama gəlib.
Abzas.net xəbər verir ki, hadisə ilə bağlı Fərman Ceyranlının qızı Lalə Ceyranlı sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, Fərman Ceyranlı “Lancet” klinikasının təsisçilərindən biridir və sözügedən klinikada baş həkim vəzifəsində çalışmayıb. Lalə Ceyranlı klinikada əməliyyatdan sonra baş verən ölüm hadisəsinə də aydınlıq gətirib:
“Hazırda atam Fərman Ceyranlı məhkəmə prossesi müddətində təxminən iki aylıq (40-50 günlük) saxlanılıb. Baş verən hadisə ötən ilin yəni 2016-cı ilin aprel aylarında keçirilmiş olan qaraciyər köçürülməsi əməliyyatı ilə bağlıdır.
Xəstə əməliyyat sonrası 10 gün müddətində yaşayıb və sonradan xəstənin bədəni transplantant olunan orqanı qəbul etmədiyi üçün xəstə vəfat edib. Bununla yanaşı orqan verən donor hazırda sağlamdır.
Əməliyyat keçirilən zaman “Lancet” klinikasının orqan köçürmə əməliyyatları üçün lisenziyası mövcud idi. Lakin əməliyyat aparan həkim Mircəlal Kaziminin lisenziya müddəti bitmişdir.
Bunun yoxlanılması və əməliyyata icazə verilməsi sənədləşmənin aparılması baş həkim və klininkanın hüquqşünasının səlahiyyətində olmuşdur. Yuxarıda qeyd etdiyim kimi Fərman Ceyranlı sadəcə olaraq təsisçilərdən biridir və bu kimi vəzifə və səlahiyyətləri icra etməmişdir”.
Lalə Ceyranlı mediada atası Fərman Ceyranlı barəsində yalan məlumatların yayıldığı, əsassız ittihamlarla ona qarşı kampaniya aparıldığını da bildirib.
“Eyni zamanda mediada qeyd olunan “Lancet” klinikasının əməliyyat aparan həkimi türk həkim kimi reklam etməsi xəbərləri yalnış və əsassızdır.
Hazırda proseslə əlaqədar araşdırmalar davam edir. Ailəlikcə təəssüf edirik ki, bu araşdırma müddətində professor Fərman Ceyranlı həbsdədir.
Mediada gedən yalan yalnış və əsassız olan xəbərlərə münasibət bildirmək və müəyyənlik gətirmək məqsədilə bu açıqlamanı yazmağı özümüzə borc bildik.
Bununla yanaşı araşdırma apararaq daha ədalətli yanaşan media nümayandələrinə dostlarımıza və yanımızda olan hər kəsə ayrı-ayrılıqda minnətdarlığımızı bildiririk. Ən qisa zamanda ədalətin bərpa olacağına inanırıq”- deyə Lalə Ceyranlı bildirib.
“Lanset” klinikasının təsisçilərindən Fərman Ceyranlı mayın 22-də həbs edilib. O, Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur.
Bir müddət əvvəl hakimiyyətə yaxın bir sayt onu Azərbaycan müxalifətinə maddi dəstək verməkdə ittiham etmişdi.
F. Ceyranlının həmtəsisçisi olduğu Tibb Mərkəzi 3 ildir, fəaliyyət göstərir.
Tibb Mərkəzində Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, İran və ərəb ölkələrində, eləcə də Şərqi Avropanın klinikalarında fəaliyyət göstərən həkimlər müxtəlif əməliyyatlar həyata keçirirlər.