“Fitch” Beynəlxalq Bankda defolt elan edib – Media icmalı

Foto: Abzas (Arxiv). 2016, noyabr - vətəndaşlar Beynəlxalq Bankın bankomatlarından pul çıxara bilmirdilər.
Neft gəlirlərinin insan amilinə xidmət etməsi, təhlükəsiz qida təminatı, ölkədə adambaşına düşən xarici borcun həcmi, Beynəlxalq Bankın üç variantlı “xilas” düsturu bugünki (25 may, 2017-ci il) medianın aparıcı mövzusudur…
İnsana xidmət edən kapital
“Azərbaycan” qəzeti “İnsan amilinə xidmət edən kapital” sərlövhəli məqalədə ölkənin neft gəlirlərinin xalqa xidmət etməsini dəyərləndirir.
Müəllif vurğulayır ki, keçmiş mərhum prezident Heydər Əliyev 1994-cü ildə “əsrin müqaviləsi” adlanan neft kontraktlarını imzaladıqdan bir neçə il sonra Azərbaycana böyük vəsaitlər gətirməyə başlayıb: “Bu, ölkənin iqtisadi imkanlarını genişləndirdi və qarşısında böyük inkişaf perspektivləri açdı. Ulu öndərin siyasi və iqtisadi kursunun layiqli davamçısı Prezident İlham Əliyev neft sektorunda yeni nailiyyətlərin qazanılmasını təmin etdi və əldə olunan kapitalı Azərbaycanın sabahı naminə məqsədyönlü işlərə yönəltdi”.
Müəllif bu mənada dövlət başçısı İlham Əliyevin hələ 2003-cü ildə neftin məqsəd yox, vasitə olması, neft hesabına ölkənin inkişaf etdirilməsi, əldə olunan gəlirin sərmayə kimi insan kapitalına yönəldilməsi bəyanatını xatırladır.
Yazıda 2006-cı ildə H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin istifadəyə verildiyi və neftdən gələn vəsaitin ölkədə genişmiqyaslı işlər görməyə imkan verdiyi vurğulanır: “Bu, böyük infrastruktur layihələri – yollar, körpülər, su kəmərləri və anbarları, məktəblər, xəstəxanalardır… Ölkədə iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, onun inkişafına neftdən əldə olunan gəlirlər sərf edilməsin. Məsələn, son illər ərzində Azərbaycanda 3 mindən çox məktəb binası təmir olunub və tikilib. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə çatır. Bunlar dövlətin yeritdiyi düzgün və uzaqgörən iqtisadi siyasətin nəticəsidir”.
Müəllif deyir ki, dövlət neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir və bu sektorun aparıcı sahəsi olan kənd təsərrüfatında çoxşaxəli işlər həyata keçirilir.
Məqalədə deyilir ki, bu məqsədlə bölgələrdə yaradılan infrastruktur – rəvan yollar, müasir otellər və s. turizmin inkişafına təkan verib.
Müəllif deyir ki, son illərdə ölkə iqtisadiyyatını şaxələndirmək üçün böyük səylər göstərilir və bunun sayəsində Azərbaycanın ümumi daxili məhsulunda neft amili 30 faizdən bir qədər çoxdur və gəlirlərin əksəriyyəti qeyri-neft sektoru hesabına formalaşır.
Yazı müəllifi deyir ki, qeyri-neft sektorunun müəssisələrində minlərlə insan məşğulluq problemini həll edir və təkcə bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb ki, bunların da 70 mini daimidir.
Müəllif bütün bunları H. Əliyevin uzaqgörən siyasətinin bəhrələri adlandırır və 23 il əvvəl imzalanmış neft müqavilələrinin nəticəsi sayır.
Baha və keyfiyyətsiz…
“Exo” qəzeti “Azərbaycanda ərzağın qiyməti bahalaşır, keyfiyyəti pisləşir” sərlövhəli məqalədə problemi Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla müzakirə edir.
Müəllif ölkə əhalisinin gəlirlərinin böyük hissəsinin zəruri mallara sərf edildiyini, 500 manatdan bir az yuxarı orta aylıq maaşla kommunal xərcləri və ailənin ərzaq məsələsini ancaq öhdələməyin mümkün olduğunu bildirir.
Müəllif rəsmi rəqəmlərə istinadən deyir ki, bu ilin yanvar-aprel aylarında əhali ərzaq alınmasına 10,2 milyard manat xərcləyib və bu, keçən ilin eyni dövrülə müqayisədə 1,7% çox deməkdir.
Müəllif deyir ki, əhali ərzaq, içki və tütün məmulatlarına 5,161 milyard manat və ya ümumi həcmin 50,6%-ni xərcləyib.
“Bunu da qeyd edək ki, ərzaq xərclərinin artmasına baxmayaraq, ərzaq mallarının keyfiyyəti pisləşir və tezliklə durum daha da kəskinləşə və yerli bazarda keyfiyyətsiz mallar daha da çoxala bilər. Bazarda təhlükəli mallar üzə çıxır və bununla bağlı istehlakçıların şikayətləri günbəgün artır”. Bunu isə qəzetə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir.
Qurum sədri bu düşüncədədir ki, sui-istifadə nəticəsində Azərbaycan bazarında daha təhlükəli spirtli və s. mallar artacaq.
E.Hüseynova görə də ərzaq mallarının qiymətləri bahalaşır, amma keyfiyyəti pisləşir və bu durumu aradan qaldırmaq üçün qida məhsullarının təhlükəsizliyi haqqında qanun qəbul edilməidir: “İstənilən halda yerli məhsul idxal məhsullarından yaxşıdır, heç bir kənar “kimyəvi” tərkib yoxdur. Həm də qida təhlükəsizliyini qorumaq üçün müstəqil ekspertiza qurumu və laboratoriyalar yaradılmalıdır. Çünki, elə bir gün yoxdur ki, keyfiyyətsiz mal ilə bağlı Birliyə şikayət olmasın”.
E.Hüseynov deyir ki, vətəndaşlar daha çox bitki yağlarının, süd məhsullarının, çörəyin, butulka sularının keyfiyyətindən narazılıq edirlər.
Bu variantlar xilas yoludurmu?
“Novoe Vremya” qəzeti “Fitch Beynəlxalq Bankda defolt elan edib” sərlövhəli məqalə oxumaq olar.
Belə ki, qəzet Azərbaycan Beynəlxalq Bankında yaranan mövcud duruma “Fitch” beynəlxalq Agentliyinin yanaşmasını nəzərə çatdırır.
Məqalədə deyilir ki, Agentlik bankın uzun müddətli reytinqini “CCC”dən məhdud defolt emitentinə qədər endirib və onun adını yenidən baxılacaqlar siyahısından çıxarıb.
Habelə qısa müddətli defolt emitent reytinqini də “RD” (məhdud defolt) həddinə endirib və burada yenidən baxılacaqlar siyahısından çıxarıb.
Agentlik bankın dayanıqlıq reytinqini “f” səviyyəsində saxlayaraq, burada da yenidən baxılacaqlar siyahısından çıxarıb.
Yazıda deyilir ki, bankın defolt emitenti reytinqi xarici öhdəliklərinin restruktruzasiyası ilə bağlıdır: “Restruktruzasiya ümidsiz borcların Fitch meyarlarına uyğun mübadiləsi deməkdir, bu meyarlar silinmə yolu, müddətin uzadılması, faiz dərəcələrinin aşağı salınması kimi banka güzəştləri əhatə edir.
Məqaləyə görə, Beynəlxalq Bank restrukturizasiyası bu ilin iyulunda kreditorların yığıncağından sonra bitirməyi planlaşdırır.
“Amma Fitch bankın reytinqini məhdud defolt həddinə qədər endirib, belə ki, öz öhdəliklərinin icrasını dayandırıb və bu, restrukturizasiya başa çatana qədər davam edəcək”.
Beynəlxalq Bank əsas xarici kreditorlara üç restrukturizasiya variantı təklif edib. Birinci varianta, görə, 2,38 milyard borc 20% güzəştlə Azərbaycanın 5, 125% olmaqla 12 il müddətinə yeni suveren istiqrazlarına dəyişdirilir.
İkinci varianta əsasən, borc 3,5% olmaqla 15 il müddətinə yeni suveren istirqazlarla mübadilə olunur.
Üçüncü variantda isə Beynəlxalq Bankın 7 il müddətinə 3,5%-lik istiqrazları ilə mübadilə edilir.
Bütünlükdə isə bank, 3,34 milyard dollar olan xarici borcunu restrukturizasiya etməyi planlaşdırır.
Adambaşına xarici borc 704 yox, 1500-2000 dollardır
“Yeni Müsavat” qəzeti “Adambaşına 704 dollar xarici borc: eskpert daha çoxdur deyir” sərlövhəli məqalədə ölkədə adambaşına düşən xarici borcun miqyasını ekspert Rəşad Həsənovla araşdırır. 
Müəllif Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən ölkədə adambaşına düşən xarici borcun 704 dollar olduğunu bildirir.
Məqalədə deyilir ki, 2017-ci ilin əvvəlinə imzalanan kredit sazişləri üzrə Azərbaycanın xarici borcu təqribən 11 milyard dollara yaxındır və ya Ümumi Daxili Məhsulun 32,3%-i deməkdir.
“Bu hesablamalar xarici borclarla bağlı Maliyyə Nazirliyinin verdiyi məlumatlar əsasında hazırlanır və real vəziyyəti tam şəkildə əks etdirmir, çünki, reallıqda dövlətin xarici borcunun həcmi daha çoxdur. Xüsusilə də SOCAR-ın borcları da daxil olmaqla, dövlət zəmanəti ilə alınmış borcların miqdarı kifayət qədər yüksəkdir. Bu baxımdan adambaşına düşən borc yükü 1500-2000 ABŞ dolları arasındadır”. İqtisadçı-ekspert Rəşad Həsənov durumu “Yeni Müsavat” qəzetinə belə şərh edir.
R.Həsənov bunu kifayət qədər ciddi rəqəm adlandırır və deyir ki, devalvasiyalardan sonra ABŞ dolları ilə ifadədə ÜDM-in həcmi kəskin şəkildə azalıb.
Ekspertə görə, bu borc yükü Azərbaycan iqtisadiyyatı və vətəndaşlarının gəlirlərilə müqayisədə kifayət qədər yüksəkdir, amma bu borcların böyük bir qisminin təxminən 5 il sonrakı dövrdə qaytarılması nəzərdə tutulur: “Bu prosesə normal başlamaq üçün Azərbaycan iqtisadiyyatının 5 il ərzində bu böhrandan xilas olmasına ehtiyac var. Bundan sonrakı dövrdə isə hökumət borclarla mümkün qədər ehtiyatlı davranmalıdır”.
Ekspert Maliyyə Nazirliyinin dövlət qurumlarının götürdüyü borcları bu qurumların icra etməsi və bu yükün büdcə üzərinə düşməməsi haqda açıqlamasını xatırladır və buradan irəli gələn qənaətini ifadə edir: “Dövlət büdcəsinin üzərinə düşən yük isə o deməkdir ki, bu pulları Azərbaycan vətəndaşı, vergi ödəyicisi ödəyir, vətəndaşların yararlandığı sosial xərcləmələrin həcmi azalır, həmin vəsait xarici borcların ödənilməsinə yönəldilir”.
R.Həsənov xarici borcun həcminin artmasının sadə vətəndaşların cibinə də təsir etdiyini deyir, belə ki, borc öhdəliklərinin yerinə yetirilməsi son nəticədə iqtisadiyyata da ziyan vurur
MƏNBƏTuran
Əvvəlki məqalə“Azərbaycan hökuməti iki banka dəstək verə bilər”
Növbəti məqalədə“Nazirlik dedi ki, 5-6 ağacdan başqa qalanları təmizlə, işini gör” [Video]