Gözəl Bayramlının həbsindən apellyasiya şikayəti verilib

AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində həbs qətimkan tədbirinin seçilməsindən, mayın 25-də gömrük məntəqəsində saxlanılmasından, ona qarşı qeyri-insani rəftar edilməsindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, apellyasiya şikayətinə mayın 31-də və yaxud iyunun 1-də baxılacaq.
Vəkil G.Bayramlının yaşadığı evdə axtarış və götürmə aparılmasından da apellyasiya şikayəti verib.
“Axtarış və götürmə ilə bağlı məhkəmə qərarı təqdim etmişdilər. Amma axtarış və götürmə üçün qanuni əsaslar yox idi. Bununla bağlı şikayətimiz bu gün Bakı Apellyasiya Məhkəməsinə daxil olub”, – o qeyd edib.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd- nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
“Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb”, – Dövlət Sərhəd Xidməti bildirib.
Mayın 26-da Səbayel Rayon Məhkəməsi Bayramlının barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Vəkil Elçin Sadıqov məhkəmənin qərarını siyasi motivli kimi qiymətləndirib.
“Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsilə başlanmış işlərdə söhbət ölkəyə pul gətirilməsi və ya aparılmasından gedəndə adətən istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilmir. Sonda məhkəmələr də həbslə bağlı olmayan, şərti cəza verir. Amma Gözəl Bayramlı ilə bağlı iş siyasi motivli olduğundan fərqli davranılır”, – o qeyd edib.
AXCP sədri Əli Kərimli müavini Gözəl Bayramlının həbsini siyasi sifariş kimi qiymətləndirib.