“Həkimlərin və müdirin laqeydsizliyindən fəhlə əmimin ayağı kəsilə bilər”

Biləsuvar rayon Kommunal Müəssisələr Kombinatında işləyən 1964-cü il təvəllüdlü Hüseynov Yunis Ürfan oğlu iş yerində ağır xəsarət alıb. Yunis Hüseynovun qolu və ayağı sınıb. Xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilən fəhlənin pulunun olmamasına görə əməliyyat oluna bilmir. 
Bu barədə Abzas.net-ə Y.Hüseynovun yaxınları məlumat verib. Onun sözlərinə görə, həkim deyib ki, bir neçə gün ərzində xəstə əməliyyat olunmasa ayağı qanqren ola bilər.
“O, az təminatlı insandı, üstəlik ruhi xəstədir. Onu işə götürüb 30 nəfərin yerinə işlədirlər. Biz onun müdiri Xalidə Ağayevadan kömək istədik, dedi ki, mən heç bir köməklik edə bilməyəcəm. İndi qalmışıq çarəsiz, əgər bir neçə gün ərzində əməliyyat olunmasa qanqren ola bilər. Biz onun vəziyyətini Biləsuvar rayon icra başçısının iclasında dedik, icra başçısı müdiriyyətə dedi ki, xəstəyə lazım olan köməkliyi göstərin. Lakin bunlar icra başçısının sözünə əməl etmədilər” – deyə Yunis Hüseynovun Cavid adlı qardaşı oğlu məlumat verib.

Onu sözlərinə görə sözlərinə görə, o dəfələrlə kombinatın rəhbəri Xalidə Ağayevaya zəng edib. Ancaq Xalidə Ağayeva onu təhdid edib:
“Mən Xalidə Ağayevaya zəng edib kömək istəyəndə, o mənə dedi ki, mənim ərim illərlə prokurorluqda işləyib, oğlum da polisdir. Hər kəsin yanında hörmətim var, get nə bilirsən et. Mən də rayonda kimə desəm də, yardım edən olmadı”.
Kombinatın rəhbəri Xalidə Ağayeva isə “Abzas”a bildirdi ki, deyilənlərin hamısı yalandır, ona hər cür köməklik edilib. Onun sözlərinə görə, 20 gündür ki, yeməyinə kimi bütün ehtiyaclarını ödəyirlər.
“Deyilənlər yalandır. Ona hər bir köməklik edilib. Həkimlər dedi əməliyyata ehtiyac yoxdur, ona görə də əməliyyat qaldı. O, işdən sonra metal yığan zaman xəsarətlər alıb. Ancaq buna baxmayaraq biz yenə də köməklik edirik. 20 gündür ki, dərmanların, yeməyin biz qarşılayırıq. Ailəsinə də demişəm, sağalsın, hətta işləməsə belə ona maaş verəcəyik, daha nə edək?” – deyə X.Ağayeva bildirib.
X.Ağayeva deyir ki, onun ruhi xəstə olması da yalandır: “Xeyr nəinki ruhi, heç bir xəstəliyi yoxdur. Biz onunla əmək müqaviləsi də imzalamışıq. Əmək müfəttişliyindən və prokuroqluqdan gəlib baxış keçiriblər. Siz bu iki quruma sorğu göndərib araşdıra bilərsiniz. Hər şey qanun çərçivəsində olub” – deyə X.Ağayeva bildirib.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasından məsələ ilə bağlı münasibət almağa çalışaq da cəhdlərimiz baş tutmadı. 
Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvarda 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirindən sonra açılışını edib.