Heydər Əliyev hava limanı 1 milyondan çox sərnişinə xidmət edib

Bu ilin ilk 4 ayı ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 mln. 62 min sərnişinə xidmət edib ki, bu da ötən ilin analoji göstəricisindən 36% çoxdur.
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) payına sərnişinlərin ümumi sayının 594 min nəfəri düşüb ki, bunun da 158 min nəfəri daxili reyslərlə Naxçıvan, Gəncə və Qəbələyə daşınıb.

904 min sərnişin (85%) beynəlxalq reyslərin payına düşür. Hava limanının beynəlxalq daşımaların ümumi payının 48,2%-i AZAL-ın, 51,8%-i xarici aviadaşıyıcıların payına düşüb.

İstanbul, Moskva, Dubay və Kiyev əvvəlki kimi ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edir – bu şəhərlərə sərnişin dövriyyəsi sərnişinlərin ümumi sayının 62%-ini təşkil edib. Məşhur istiqamətlərin siyahısına həmçinin Tehran, Tbilisi, Doha və Sankt-Peterburq (sərnişin dövriyyəsinin 12%-i) daxildir.

Qeyd edək ki, Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir.