İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı üçün problem görmürəm”

“Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıb. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
“Əlbəttə, bütün planlarımızı həyata keçirmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Bu istiqamətdə də çox böyük addımlar atılır. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir. Baxmayaraq ki, beynəlxalq maliyyə böhranı bizə də təsir etdi. Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi təbii ki, gəlirlərimizə mənfi təsir etdi. Artıq Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətə adaptasiya olundu, milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir. Bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıbdır. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artıb”, – deyə o vurğulayıb.