İlham Əliyev Samir Şərifovun səlahiyyətlərini artırıb

Ölkə başçısı İlham Əliyev Maliyyə Nazirliyinin səlahiyyətlərini artırıb. O, yeni bir fərmanla özünün 9 fevral 2009-cu il tarixli, “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanında dəyişikliklər edib.
Yeni fərmanla o vaxt təsdiq edilmiş “Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 3-cü – “Nazirliyin vəzifələri” hissəsində 8.31-ci bəndə “borclarının” sözündən sonra “, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının” sözləri əlavə edilir.
Yəni yeni redaktədə 8.31-ci bənd belə olur: “Dövlətin daxili və xarici borclarının, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının yuxarı həddini müəyyənləşdirmək üçün təkliflər vermək”.
Bundan başqa sənədə belə bir məzmunda 8.31-1-ci bənd də əlavə edilir: “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək”.
Eyni zamanda daha iki bənd də o vaxtkı fərmanla təsdiq edilmiş “Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”yə əlavə olunub – 8.22-1 və 8.22-2. Əlavə olunmuş bəndlər müvafiq olaraq bu məzmundadır:
– 8.22-1. Dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Maliyyə Nazirliyinə təkliflər vermək;
– 8.22-2. Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək.
Beləliklə, ölkə başçısının yeni fərmanı Maliyyə Nazirliyinə bütün dövlət qurumlarının borclanma məsələlərinə müdaxilə etmək səlahiyyəti verir.
Başqa sözlə, bundan sonra hansı dövlət qurumunun nə qədər borc ala biləcəyi və ümumiyyətlə ala bilib-bilməyəcəyi maliyyə naziri Samir Şərifovdan asılı olacaq. Təbii ki, o da bunun razılıq və ya göstərişini birbaşa ölkə başçısından alacaq.