İlkin Rüstəmzadə “İlin cümhuriyyətçisi” elan olundu – [Fotolar]

Mayın 27-də D18 Hərəkatının “İlin cümhuriyyətçisi” mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbir Müsavat Partiyasının qərargahında keçirilib.
Abzas.net xəbər verir ki, “İlin cümhuriyyətçisi” mükafatı NİDA Vətəndaş Hərəkatının həbsdəki üzvü İlkin Rüstəmzadəyə verilib.
Mükafat D18 Hərəkatının sədri Ruslan İzzətli tərəfindən İ.Rüstəmzadənin anası Atlas Hüseynovaya təqdim edilib.
Tədbirdə Müsavat Partiyasının rəhbərliyi, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri, İlkin Rüstəmzadənin ailə üzvləri, keçmiş siyasi məhbuslar, gənc fəallar və jurnalistlər iştirak edib.
Bundan əvvəl “İlin cümhuriyyətçisi” mükafatı 2014-cü ildə İlqar Məmmədova, 2015-ci ildə İntiqam Əliyevə və 2016-cı ildə Seymur Həziyə verilib.
2013-cü ildə “Əsgər ölümlərinə son” mitinqlərinin təşkilatçılarından biri olan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə iki aylıq həbs qətimkan tədbiri ilə həbs edilib.
Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.  6 may 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınır.