İsa Qəmbər: “Əgər müxalifət bu qədər zəif və gücsüzdürsə…”

“1992-1993-cü illər Azərbaycan xalqının tarixində ən şərəfli səhifələrdən biridir”.
Bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri, parlamentin keçmiş sədri İsa Qəmbər mayın 10-da keçmiş prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə prezident İ.Əliyevin müxalifət haqda dediklərinə münasibətdə bildirib.
İ.Qəmbər Müsavat Partiyasının və bütövlükdə müxalifətin indi kifayət qədər güclü olduğunu deyib. Onun fikrincə, bu qüvvələrin xalqla bütünləşməsi zaman məsələsidir və insanları repressiyalarla susdurmaq daimi ola bilməz.
İ.Qəmbər İ.Əliyevin AXC-nin hakimiyyət dövrünü tənqid etməsini də əsassız sayır:
“İlk dəfə deyil ki, İ.Əliyev hakimiyyətdə olmuş milli-demokratik qüvvələrə qarşı yalan və böhtana əsaslanan ittihamlar deyir. Əgər o, özünü söhbətə hazır hesab edirsə, çıxaq TV-yə, bütün bu mövzuları geniş və hərtərəfli müzakirə edək. Digər tərəfdən, əgər müxalifət, milli-demokratik qüvvələr bu qədər zəif və gücsüzdürsə, əgər bizim hakimiyyət zəif, bacarıqsız olubsa, bu mövzularda 24 il danışmağa nədən bu qədər ehtiyac duyur?”,-deyə İ.Qəmbər sual edib.