Məhkəmə Müsavatın şikayətini təmin etməyib

Bu gün Şəki Apellyasiya Məhkəməsi Müsavat Partiyasının rayon icra hakimiyyətindən verdiyi şikayəti təmin etməyib.
Abzas.net xəbər verir ki, bu haqda partiyanın divan üzvü Elman Fəttah məlumat yayıb.
Onun sözlərinə görə, daha öncə partiya icra hakimiyyətinin toplantılarına icazə verməməsindən Şəki şəhər İnzibati-İqtisad Məhkəməsinə şikayət etmişdi. Ancaq həmin məhkəmə icra hakimiyyətinin partiyanın toplantısına icazə verməməsinin qanuni olduğu qərarına gəlib və Müsavatın iddiasını təmin etməyib.
Bu gün isə Şəki Apellyasiya Məhkəməsi həmin qərardan verilən şikayətə baxıb. Apellyasiya instansiyası da Müsavat Partiyasının müraciətləri ilə bağlı qərarı qanuni hesab edib.
Müsavatçılar yuxarı məhkəməyə şikayət edəcək.
Xatırladaq ki, Müsavat Partiyasının Şəki şəhər təşkilatı ötən ilin sonlarında Azərbaycan klassiki Mirzə Fətəli Axundzadənin xatirəsinə həsr olunmuş tədbir keçirmək istəyib.
Tədbirə yer verilməsindən ötrü rayon icra hakimiyyətinə müraciət olunsa da, oradan rədd cavabı alınıb.