Mehman Əliyevin “Azərsu” rəhbərinə qarşı qaldırdığı iddia təmin edilməyib

Mayın 16-da 1 saylı İnzibati-İqtisad Məhkəməsinin hakimi Müseyib Bayramov Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynova qarşı iddiası üzrə məhkəmə çəkişməsini faktiki olaraq pozub.
İclasın əvvəlində hakim M.Əliyevdən soruşub: “İddia ərizəsi qüvvədə qalırmı”? Müsbət cavab alan M.Bayramov cavabın yazılı şəkildə təqdim olunmasını xahiş edib və bu, yerinə yetirilib. Sonra bir dəqiqəlik bayıra çıxıb və geri qayıtdıqdan sonra elan edib ki, iddia düzgün tərtib edilmədiyindən təmin olunmur.
M.Əliyevin “nə üçün belə qərar qəbul edildi” sualının cavabında M.Bayramov deyib ki, iddia agentliyin adından təşkilata qarşı olmalıdır, M.Əliyevin timsalında şəxsin adından Q.Hüseynovun timsalında şəxsə qarşı yox.
Buna cavab olaraq M.Əliyev bildirib ki, agentliyin direktorudur, Q.Hüseynov isə şirkətin rəhbəridir. Sorğunun hazırlanması zamanı adsız cavabdehə göndərə bilməz. Hər şey müvafiq qaydada və subordinasiya nəzərə alınmaqla edilib.
M.Əliyev M.Bayramovu məhkəmə iclasını pozmaqda və informasiya sorğusuna cavab alınmasından imtinada ittiham edib. Belə ki, “İnformasiya azadlığı haqqında” qanuna görə, cavabdeh 7 iş günündə sorğuya cavab verməlidir.
M.Əliyev M.Bayramova xatırladıb ki, əvvəlki 24 aprel iclasında o, iddianın necə tərtib edilməsi məsələsini qaldırmayıb və iddiaçının iştirakı ilə “Azərsu”ya telefon edərək ayın 16-dək M.Əliyevin informasiya sorğusuna cavabın təqdim olunmasını xahiş edib. Ancaq cavab təqdim olunmayıb..

Hakim Tahirə Əsədova da bu iş üzrə 22 fevral iclasında belə hərəkət etmişdi. Həmin iclas da Turan-ın direktorunun təkidli tələblərindən sonra keçirilmişdi.
“Azərsu” rəhbərinə informasiya sorğusu 2016-cı il iyulun 27-də göndərilib. Sorğu “Azərsu” Dövlət Şirkəti tərəfindən Buzovna qəsəbəsində bəzi yüksək vəzifəli məmurlar üçün “özbaşına su kəməri”nin çəkilməsi ilə bağlı göndərilib. Onlardan biri Dövlət Komitəsinin rəhbəri, digəri isə Bakı rayonlarından birinin icra başçısıdır.
Agentlik bu mövzuda iki məqalə yazaraq tikintinin dayandırılmasına nail olub.
2016-cı il oktyabrın 11-də agentliyin direktoru 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək qanunla müəyyən edilmiş qaydada (“İnformasiya azadlığı haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlar, İnzibati Xətalar Məcəlləsi, İnzibati-Prosessual Məcəllə) sorğuya cavab almaq istəyib. Ancaq məktub məhkəmədə itirilib.
2016-cı il dekabrın 5-də agentlik yenidən məhkəməyə müraciət edib. Hakim Tahirə Əsədova həmin gün İnzibati-Prosessual Məcəlləyə əsaslanaraq “Azərsu”ya məktub göndərərək şirkəti Turan agentliyinin informasiya sorğusuna cavabı məhkəməyə təqdim etməyə çağırıb.
Bir aydan sonra agentliyin direktoru Mehman Əliyev cavabın olmadığını hakim T.Əsədovaya yazılı şəkildə xatırladıb və məhkəmə prosesinin təyin olunmasını xahiş edib.
Yanvarın 9-da T.Əsədova yenidən cavabla bağlı məktub göndərərək 5 dekabr tarixli xahişinə cavab olmadığını qeyd edib.
Və yenə M.Əliyevin təkidilə yanvarın 25-də T.Əsədova məhkəmə iclasını fevralın 22-nə təyin edib və iclas zamanı iddianı təmin etməyib.