Merkel Soçidə Putin ilə Suriya və Ukrayna böhranlarını müzakirə edəcək

Angela Merkel sonuncu dəfə Russiyaya 2 il bundan əvvəl gəlmişdi
Almaniya kansleri Angela Merkel 2015-ci ildən bəri ilk dəfə olaraq Rusiyaya rəsmi səfərə gələrək Vladimir Putinlə görüşəcək.
Soçidə keçiriləcək görüş ikitərəfli münasibətlərin gerilədiyi dövrə təsadüf edir. Bu, Suriya böhranı və Rusiya tərəfindən Krım ilhaq edildikdən sonra baş verib.
Görüş zamanı hər iki problemin müzakirə ediləcəyi gözlənilir, lakin irəliləyişin əldə olunacağı az gözləniləndir.
Çərşənbə günü isə Putin Türkiyə lideri Recep Tayyip Erdoğan ilə görüşməlidir.
Rusiya ilə Almaniya arasında münasibətlərin korlanması 2014-cü ildə Krım ilhaq edildikdən sonraya təsadüf edir. Aİ tərəfindən Rusiyaya qarşı sanksiyaların yeridilməsində Almaniya aparıcı rol oynayıb.
Görüşün rəsmi məqsədi iyul ayında Hamburq şəhərində keçiriləcək G20 sammitinə aid məsələləri müzakirə etməkdir.
Merkel Rusiyadan, Ukrayna və Suriya böhranlarının çözülməsində öz nüfuzundan istifadə edəcəyini gözləyir.
Prezident Putin isə Merkel-dən Aİ sanksiyalarının qaldırılmasında dəstək gözləyir.
Prezident Putin bu yaxınlarda ABŞ prezidenti ilə görüşmüş Merkel-in, Donald Trump barədə rəyini də eşitmək istərdi.
Merkel kommunist Şərqi Almaniyada böyüyüb boya-başa çatıb, rusca danışa bilir. Putin isə almanca danışır, 1980-ci illərdə DTK əməkdaşı kimi Drezden şəhərində xidmət edib.
Kremldəki mənbəyə istinad edən Rusiyanın TASS agentliyi qeyd edib ki, görüş zamanı terrorçuluqla mübarizə və Ukrayna böhranı ilə bağlı Minsk razılaşmaları müzakirə ediləcək.
Almaniya kəşfiyyatı isə ölkənin kompüter sistemlərinə edilmiş kiberhücumların arxasında Rusiyanın dayandığını bildirib.

Suriya məsələsində tərəflərin mövqeyi fərqli olsa da, Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşılaşmaqdadır.
Çərşənbə günü baş tutacaq Putinin Türkiyə prezidenti ilə görüşü iki ölkə arasında əməkdaşlığın genişləndiyi dövrə təsadüf edir.
Suriyada Moskva – prezident Əsədi, Ankara isə onun rəqiblərini dəstəklədiklərinə baxmayaraq, iki ölkə, özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı yanvar ayında birgə hərbi hava reydləri keçirməyə başlayıb.
ABŞ prezidenti Donald Trump çərşənbə axşamı günü prezident Putinlə telefonla danışmalıdır. Gözlənildiyinə görə, onlar Suriyadakı müharibəni müzakirə edəcəklər.