Müstəqil saytların bloklanması iddiası ilə məhkəmə istintaqı sona çatıb – [Video]

Mayın 3-ü Səbail rayon məhkəməsində Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və “Azərbaycan saatı” proqramının ölkədə girişini məhdudlaşdırılması iddiası ilə məhkəmə iclası davam edib.
Abzas. net xəbər verir ki, məhkəmə istintaqı yekunlaşdırılıb və proses mayın 12-si saat 15:00-da tərəflərin çıxışları ilə davam edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında keçirilən prosesdə ictimai fəallar və jurnalistlər məhkəmə zalına buraxılmayıblar.
Meydan TV-nin nümayəndəsi Elçin Sadıqov jurnalistlərə açıqlamasında deyib ki, məhkəmə ötən iclasda qaldırılan vəsatətlərin müzakirə ediləcəyini bildirsə də bu baş vermədi.
“İclas başlayn kimi məhkəmə bildirdi ki, ekspertiza keçirilməsi və prokurorluun prosesə cəlb olunması barədə verdiyimiz vəsatətini təmin etməyib. Halbuki keçən iclasda bu vəsatətlərin müzakirəyə çıxarılacağını demişdi. Məhkəmə vəsatətləri müzakirə etmədən rədd etdi. Bundan əlavə yazının müəllifinin şahid qismində dindirləmis üçün vəsatət qaldırdıq, məhkəmə bunu da rədd etdi”- Elçin Sadıqov deyib.
Vəkil nazirliyin nümayəndəsinin öz iddiasını əsaslandıra bilmədiyini bildirib:
“İddiaçının nümayəndəsi öz iddiasını əsaslandıra bilmədi ki, o yazılar dövlətin və cəmiyyətin hansı marağına zorla zərər vura bilər”.

“Azadliq.info”-nun nümayəndəsi Səməd Rəhimli iddiaçı tərəfin sübutlarını təqdim etmədiyini deyib.
“Qarşı tərəfdən sübutların gətirilməsi tələb olunsa da gətirilmədi. Ərizənin tələbi qeyri-dəqiq idi ama ərizə dəqiqləşdirilmədi. Hakim yeni sübutlar tələb etmədən, ərizənin tələbini dəqiqləşdirmədən məhkəmə araşdırmasını yekunlaşdırdı”- vəkil bildirib.

AXCP sədri Əli Kərimli isə iddiaların və məhkəmə prosesinin absurd olduğunu deyib:
“21-ci əsrdə, Avropa Şurası üzvü olan ölkədə belə addımlar atılır. Prokurorluq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə müraciət edib ki, bu saytlar konstitusional qurululuşu dəyişməyə, ölkədə kütləvi ixtişaşlara hazırlıq aparırlar və bu saytlar təcili şəkildə bağlanılmalıdır”.
Əli Kərimli saytların bloklanmasının səbəbini korrupsiya faktlarının işıqlandırılmasında gördüyünə qeyd edib. Onun sözlərinə hakimiyyətin korrupsiya əməllərinin ifşa olmasından narahat olduğu üçün bu cür yollara əl atır.
“Nazirliyin nümayəndəsi isə məhkəmədə həmin saytların beynəlxalq təşkilatların hesabatlarını yayımlayıblar deyə bağlanılmasını tələb edir. Beynəlxalq mütəşəkkil cinayətkarlığı araşdıran jurtnalistlər ailə hakimiyyətinin hansısa ölkədə yeni korrupsiyasını ifşa eleyib, hansısa sayt bunu çap etməklə onlara görə dövlət marağına dəhşətli zərər vurublar. Ən dəhşətlisi odur ki, bloklanmaq istənilən saytlarda hökümətin özünə yaxın olan APA, Report kimi KİV-lərə istinadən intiharla bağlı məlumatlar verilib. İddiaçı tərəf də deyir ki, siz bu intiharla bağlı məlumat verməklə şüuraltı olara ölkədə konstitusiya dəyişikliyinə sövq edirsiniz. Belə bir absurd vəziyyətə gəlib çıxmışıq”- Əli Kərimli bildirib.