Müstəqil saytlarının bloklanmasına dair məhkəmə davam edib – [Video]

Səbayel rayon məhkəməsində Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı verilişinin yerləşdirildiyi internet ehtiyatlarının bloklanması iddiası ilə məhkəmə prosesi davam etdirilir.
Vəkil Səməd Rəhimli Abzas.net-ə bildirib ki, ilk dəfə olaraq ərizəçi pozuntu olduğunu düşündüyü məqalələri məhkəməyə təqdim etdi.
“Təqdimatdan görünür ki, sənədlərin əsli əvəzinə surətləri gətirilib, bəzilərin tarixləri düzgün yazılmayıb. Müdafiə tərəfi də məhkəmə qarşısında bu sənədlərin sübut qismində mülki icraatda qəbul olunması mübahisəli məsələ olduuğunu qeyd elədi. Məhkəmə də bu məsələni növbəti prosesdə baxmağa qərar verdi” – Səməd Rəhimli bildirib.
Vəkil Elçin Sadıqov isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin heç bir araşdırma aparmadığını, prokurorluğun məktubunu əsas götürərək məhkəməyə müraciət etdiyini deyib.
“Nazirlik prokurorluğun məktubu əsasında saytları bloklayıb və məhkəmədə iddia qaldırıb. Məhkəmədə də saytların bloklanması ilə bağlı heç bir əsaslandırma aparmadı. Biz vəsatət qaldırdıq ki, prokurorluq 3-cü tərəf kimi prosesdə iştirak etsin” – vəkil deyib.
Linqvistik ekspertiza ilə bağlı da vəsatət verildiyini deyən Elçin Sadıqov məhkəmənin bu məsələləri növbəti iclasda müzakirə etmək qərarı verdiyini bildirib.
Növbəti məhkəmə mayın 3-ü saat 15:00-da keçiriləcək.

Əvvəlki məqaləMehman Qələndərovla bağlı Təhqiqat Qrupu yaradılacaq
Növbəti məqalədəBakı-Qazax-Gürcüstan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq