NATO dəyəri 1 milyard avro olan yeni mənzil-qərargahına köçəcək

NATO yeni mənzil-qərargahına rəsmən mayın 25-də, Brüsseldə Alyansa daxil ölkələrin dövlət və hökumət başçılarının sammiti zamanı köçəcək.
Abzas.net “Report”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Belçikanın Baş naziri Çarl Mişel ilə görüşünün yekununda təsdiq edib.
“Liderlərin may ayındakı görüşündə Belçika tərəfinin yeni mənzil-qərargahı Şimali Atlantika Alyansına verməsi ilə bağlı rəsmi mərasim keçiriləcək”, – o bildirib.
NATO-nun yeni kompleksi Alyansın hazırkı qərargahından bir küçə aralıda yerləşir. Bu nəhəng yarımdairəvi şüşə bina 41 hektar sahəni əhatə edir. Onun ofis sahəsi 245 min kvadratmetrdir. Eyni anda bu bninada 4 mindən çox insan işləyəcək.
Bina enerjiyə qənaət, rabitə və kommunikasiyalar sahəsində yeni texnologiyalardan istifadə edilməklə, eləcə də qurğunun özünün fiziki müdafiəsi ilə inşa edilib. Onun layihə dəyəri 1 milyard avro təşkil edir.
NATO üçün yeni mənzil-qərargah tikilməsi barədə qərar 1999-cu ildə qəbul edilib, tikinti işlərinə isə 2010-cu ildə başlanılıb.