“Nazirlik dedi ki, 5-6 ağacdan başqa qalanları təmizlə, işini gör” [Video]

İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində yerləşən Tuqay meşəsində ağaclar və yaşıllıqlar kütləvi şəkildə qırılır.
Yerli sakinlərin saytımıza verdiyi məlumata görə, Əfrail Əsədov fermer təsərrüfatının rəhbəri, sahibkar bir neçə hektar meşə ərazisində ağacları kəsdirərək özü üçün əkin sahəsi düzəldir.
Vətəndaşlar məsələ ilə bağlı dəfələrlə dövlət orqanlarına şikayət etdiklərini bildirirlər. Amma aidiyyatı orqanlara müraciət edilsə də, hələ də ağacların kütləvi şəkildə məhv edilməsinin qarşısını alan yoxdur.
Məsələdə adı hallanan sahibkar Əfrail Əsədovla “Abzas”a açıqlamasında bildirdi ki, sözügedən yer meşə ərazisi deyil, yerli bələdiyyəyə aid torpaqlardır.
Sahibkar deyir ki, ərazini uzun müddətlik icarəyə götürüb. Bu günə qədər orada heç bir əkin işi getməyib. Ancaq prezidentin fərmanı ilə əlaqədar ərazidə əkin işlərinə başlayıblar.
“Ora meşə ərazisi deyil, bələdiyyə torpaqlarıdır. Biz torpaqları 33 il müddətinə icarəyə götürmüşük. Bu günə qədər orda əkin işləri aparılmayıb. Ancaq prezident fərman verib ki, boş qalan torpaqlar əkilsin. Biz də ona görə əkin işlərinə başlamışıq” – deyə Ə.Əsədov bildirib.
Əfrail Ədədov deyir ki, orada aparılan bütün işlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verib razılıqlarını almışıq.
“Biz öncədən Ekologiya nazirliyinə xəbər verdik, gəldilər baxdılar. Onlar da bildirdilər ki, ərazi müqavilə ilə sizə aiddir, 5-6 ağacı çıxmaq şərti ilə, qalan bütün yabanı otları təmizləyin və işinizi görün. Biz də elə edirik” – deyə sahibkar bildirdi.
Ə.Əsədovun sözlərinə görə, sözügedən ərazidə pambıq əkilməsi nəzərdə tutulur.
“33 illik müqaviləmiz var. Hər il icarə pulu veririk. Bundan əlavə qərar var ki, birbaşa və ya dolayı yolla özünə aid olan torpaqlarda əkin işi aparmayan sahibkarlar cərmələnsin. Torpaqlardan səmərəli istifadə edilsin. İndi mən nə edim? Həm icarə haqqı verim, həm cərimələnim? Bəs mənim fikirləşmirlər? Bu ərazilərdə əkin işi aparılacaq. Biz pambıq əkməyi düşünürük” – deyə sahibkar Əfrayil Əsədov bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqəli dövlət qurumlardan münasibət almağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.