Neft hasilatının azaldılması ilə bağlı anlaşma daha uzun müddətə uzadılacaq

OPEC və kartelə üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il tarixli Vyana anlaşmasını uzatmaq barədə ilkin razılıq əldə edib.
Bu açıqlama ilə Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh çıxış edib: “Düşünürük ki, mayın 25-də Vyanada qəbul olunan qərarın nəticəsi müsbət olacaq. Qrupda tam razılıq əldə olunub”.
X.əl-Faleh və Rusiyanın energetika naziri Aleksandr Novak Pekində keçirilən görüşdən sonra birgə açıqlamada bildiriblər ki, mayın 25-də keçiriləcək növbəti sammitdə S.Ərəbistanı və Rusiya iştirakçı ölkələrə anlaşmanı 2018-ci il mart ayının sonuna qədər uzatmağı tövsiyə edəcək. Anlaşmada hasilatın azaldılması ilə bağlı kvota isə əvvəlki kimi 1,8 mln. barel/gün qalacaq.
Xəbərin yayılmasından sonra “Brent” markalı neftin qiyməti 1,5% artaraq 51,6 dollar/barelə yüksəlib.