NİDA həbsxanalarda fəallara qarşı təzyiqlərlə bağlı bəyanat yayıb

Arxiv
NİDA Vətəndaş Hərəkatı həbsdə olan üzvlərinə təzyiqlərlə və siyasi məhbus Mehman Qələndərovun istintaq təcridxanasında müəmmalı ölümü ilə bağlı bəyanat yayıb.
Abzas.net xəbər verir ki, hərəkat həbsxanalarda siyasi fəallara qarşı son baş verənlərdən narahat olduğunu və hakimiyyətin bu baş verənlərə görə cavab verməli olduğunu bildirir. Bəyanatda deyilir:
“Son günlər siyasi məhbuslarla bağlı narahatedici xəbərlər gəlməkdədir. Belə ki, siyasi fəal Mehman Qələndərovun həbsxanada müəmmalı ölümü, nidaçı heykəl məhbusu Bayram Məmmədovun pis rəftara məruz qalması həbsxanalarda vəziyyətin nə qədər pis olduğunu bir daha nümayiş etdirir.
Eyni zamanda son vaxtlar “Əsgər ölümlərinə son” aksiyalarının təşkilatçısı, nidaçı vicdan məhbusu İlkin Rüstəmzadəyə qarşı həbsxanada ümumi münasibət və ona qarşı təzyiqlər NİDA Vətəndaş Hərəkatını narahat edir. Belə ki, həbsinin 4-cü ilini tamamlamaq üzrə olan İlkin Rüstəmzadənin sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onu məcburi əməkdaşlığa cəlb etmək istəyirlər.
Onlar qeyd edirlər ki, İlkin yalnız bu cür əməkdaşlığa razılaşsa, həbsdən azad olunacaq, əks halda nəinki 8 illik həbs müddətini sona qədər həbsxanada keçirməli olacaq, eyni zamanda onun daha uzun müddət həbsdə qalması üçün lazımi addımlar atılacaq. İlkinə təklif edilən məcburi əməkdaşlıqla bağlı məlumatlar bundan öncə digər siyasi məhbuslarla əlaqədar gündəmə gəlmişdi və bu bizim narahalığımızı daha da artırır.
Bundan əlavə İlkin Rüstəmzadənin müalicəsi üçün Penitensiar Xidmətin müalicə müəssisinə göndərilməsi ilə bağlı müraciətə mənfi cavab verilib. Buna səbəb kimi İlkinin qaçmağa meylli, özünə və digər dustaqlara xəsarət yetirəcək “xüsusi cinayətkar” olmasının səbəb kimi göstərilməsi vurğulanır. İlkin Rüstəmzadənin müalicəyə göndərilməməsi və “xüsusi cinayətkar” kimi xarakterizə olmasına əsl səbəb kimi onun məcburi əməkdaşlığa razılaşmamasını göstərmək olar.
NİDA Vətəndaş Hərəkatı şərlənərək həbs olunmuş siyasi məhbuslara qarşı təzyiqləri pisləyir, onların mübarizə ruhunun sındırılması üçün müxtəlif vasitələrə əl atan, onların fundamental hüquqlarını pozan dövlət qurumlarınən bu metodlardan əl çəkməyini tələb edir. Hesab edirik ki, ölkənin bu ağrılı böhran məqamında cəmiyyət daxilində olan gərginliyi artırmaq əvəzinə, şərlənərək həbs olunmuş siyasi məhbusları azad edərək, ölkədə barışıq əhval-ruhiyyəsi gətirmək və təcili olaraq köklü siyasi və iqtisadi islahatlara başlamaq lazımdır”. 
Əvvəlki məqaləBeynəlxalq Bank müflis elan edilməsi ilə bağlı Nyu-York məhkəməsinə müraciət edib
Növbəti məqalədəHəbsxanada vəfat edən siyasi fəal üçün anım tədbiri keçirilib [video]