”Nikaha daxil olmaq istəyən 40 nəfərdə sifilis, 7 nəfərdə QİÇS tapılıb”

“2017-ci ilin aprel ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 40 nəfərdə sifilis, 7 nəfərdə QİÇS aşkarlanıb”.
Bu sözləri teleqraf.com-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Direktor apreldə 9 min 653 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin keçdiyini, onlardan 301 nəfərində talassemiya daşıyıcılığı aşkarlandığını deyib:
“Həmin üç cütlüyün hər ikisində bu qan xəstəliyi tapılıb. 2015-ci il iyunun 1-dən bu ilin aprelinədək 268 min 174 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi keçirilib. Onlardan 11 min 516 nəfərdə talassemiya daşıyıcılığı, 1060 nəfərdə sifilis, 191 nəfərdə isə QİÇS aşkarlanıb”.
Zöhrə Əlimirzəyevaya görə, 2 il müddətində bu rəqəmi böyük hesab etmək olmaz:
“Bu müddət ərzində 100 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb. 7 cütlük evlənməkdən imtina edib. Qalan 93 cütlük isə nəzarətdə saxlanılır. 28 cütlükdə perinetal müayinə aparılıb. 5 uşaqda xəstəlik aşkarlanıb və abort olunub. Daşıyıcı və sağlam uşaqlar isə doğulub. Bu iki il müddətdə talassemiya daşıyıcılığı olan qadınlardan ikinci dəfə hamilə olanlar var”.
Mayın 8-də Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov Beynəlxalq Talassemiya Günü ilə bağlı keçirilən tədbirdə 2015-ci ilin iyunundan indiyədək ailə quran 258 521 nəfərin nikahdan öncə müayinədən keçdiyini, onların 11 215-də talassemiya daşıyıcılığı aşkarlandığını demişdi:
“97 cütlüyün isə hər ikisində daşıyıcılıq qeydə alınıb. Azərbaycanda aparılan son müayinələrin nəticələrinə görə, nikaha daxil olanların 5-7 faizi talassemiya daşıyıcısı olur”.
1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.