Özünü yandıran şəxs hələ reanimasiyadadır

Foto: Abzas.net
Mayın 24-də “Respublika bank”ın şöbəsi önündə özünü yandıran Ramiz Manafovun sağlıq durumu ağır olaraq qalır. Bu barədə R.Manafovun yerləşdirildiyi 5 saylı kliniki xəstəxananın Yanıq şöbəsindən Turan-a bildiriblər.
Şöbədən verilən məlumata görə, R.Manafov mayın 24-dən reanimasiya şöbəsinə yerləşdirilib.
Yanıq şöbəsindən bildiriblər ki, R.Manafovun üz, boyun nahiyələrində yanıq çoxdur.
R.Manafov mayın 24-də “Respublika Bank”ın “Azneft” filialına gəlib, kredit məsələsilə bağlı mübahisə baş verib və bankdan çıxan kimi üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyilə yanğın söndürülüb və R.Manafov xəstəxanaya göndərilib.
“Respublika bank” bu hadisə ilə bağlı xüsusi açaıqlama yayacağını və məsələyə aydınlıq gətirəcəyini bildirib.
2015-ci ildə manatın iki dəfə devalvasiyasından sonra əhalinin bnak kreditlərini ödəmək sahəsində ciddi problemləri yaranıb, dolların bahalaşması ilə bağlı çoxları kreditlərin ödənişlərini edə bilməyib. Bunun nəticəsi olaraq bankların kredit götürənlərə təzyiqləri artıb və bunun nəticəsində çoxları intihara əl atıb, hətta bir çox ekspetlər bu intiharları “kredit intiharları” adlandırıb. –