Prokurorluq Faiq Əmirlinin avtomobilini qaytarır

“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsindən 8 ay sonra prokurorluq onun şəxsi avtomobilini qaytarmağı qərara alıb.
Avtomobil avqustun 20-də F.Əmirli saxlandığı gün heç bir açıqlama verilmədən götürülüb. Müdafiə tərəfin dəfələrlə müraciətinə və avtomobilin F.Əmirlinin xanımına məxsus olmasına baxmayaraq, geri verilməyib.
Mayın 2-də Ağır Cinayətlər İdarəsindən F.Əmirlinin evinə telefon edərək bildiriblər ki, avtomobili götürmək olar.
Xatırladaq ki, Faiq Əmirli ötən il avqustun 20-də saxlanılıb. O, əvvəlcə CM-nin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
Aprelin 17-də ona yeni ittihamlar irəli sürüb: Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).
AXCP F. Əmirlinin həbsini siyasi sifariş sayır.
Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb ifadələri alınıb.