“Qul bayramının” qəhrəmanı, Bayram!

Azərbaycanda rəsmi şəkildə qeyd olunan bayramlar arasında bir bayram var – “Gül bayramı”.
Özündə heç bir mənəvi dəyər daşımayan bu bayramın təntənəli şəkildə keçirilməsi üçün hər il ağlasığmaz pullar xərclənir. Halbuki bu pullar xalqa məxsusudur, saysız-hesabsız qayğılar içində vurnuxan sadə azərbaycanlının haqqıdır. Bu tragikomik vəziyyət – səfalət içində yaşayan insanların pulları ilə bayram keçirmək, əslində “Gül bayramı”nın adı ilə heç bir əlaqəsinin olmadığını göstərir.
Bu vəziyyət artıq hamıya məlum olsa da,  mövcud reallığı bütün çılpaqlığı ilə ortaya qoyan, bu bayramı həqiqi adı ilə adlandıran Qiyas və Bayram oldu. Onlar heykəlin postamentinə “qul bayramınız mübarək” yazmaqla bəlkə özləri də bilmədən, tarixi bir addım atmış oldular.
Azərbaycanda yeni bir prosesin başlanğıcını qoydular. Böyük bir saxtakarlığın və bu saxtakarlıqdan doğan iyrəncliyin mahiyyətini yazdıqları bir cümlə ilə göstərdilər: “Qul bayramınız mübarək”.
Xoşbəxtlikdən bu gənclərdən biri ilə – Bayramla həbsxana divarları arxasında tanış oldum. Onu ilk gördüyüm gün yadımdadır. Gülər siması, mehriban davranışı, iti zəkası ilə bütün dustaqlarda özünə qarşı sevgi yaratmışdı. Bir-birimizdən hal-əhval tutduq, danışdıq. Sualıma verdiyi cavabla isə onun barədə fikirlərimin nə qədər düz olduğuna əmin oldum. Ondan “Əqidəndə problem yoxdur ki?” deyə soruşduqda, şirin gülüşü ilə “Yox, ay hacı, nə problem ola bilər ki? Hər şey əladır” cavabını verdi.
Həmin gün etdiyimiz qısa söhbətdən başa düşdüm ki, bu gənc xalqımızın azadlığını, hürriyyətə qovuşmasını quru sözlərlə yox, bütün varlığı, qəlbi ilə istəyir. Haqsız yerə həbs cəzası çəkməsinin səbəbi də məhz bu istəyidir. Söhbət zamanı həm də onun, haqqında kitablardan oxuduğum hansısa tarixi qəhrəmana bənzədiyinin fərqinə vardım. Bəli, heykələ yazdığı sözləri, cəsarəti ilə Bayram Roma imperiyasına qarşı qul üsyanını başladan Spartka bənzəyirdi. O gündən bu gənc yaddaşımda Spartak kimi qaldı.
Bu cür dəyərli insanları soyuq həbsxana hücrələrində gördüyüm üçün üzülsəm də, həm də gələcəyə olan ümidim artır. Üzülməyimin səbəbi aydındır – bu insanların yeri həbsxana olmalı deyil, həqiqi cinayətkarlar azadlıqda olduğu halda, işıqlı, vicdanlı gənclərin həbs həyatı yaşaması bu ölkənin faciəsi, Azərbaycanın itgisi sayılmalıdır.
Gələcəyə olan ümidimi artıran isə bütün məhrumiyyətlərə, çətinliklərə baxmayaraq, ədalət uğrunda mübarizə aparan, xalqını, millətini düşünən insanların varlığıdır. Onlar gəncliklərinin ən şirin illərini həbsdə keçirərkən, əslində bu xalqın gələcəyinə sərmayə yatırmış olurlar.
Ona görə vicdan məhbuslarının heç birinin həbsini faydasız hesab etmək olmaz. Allahdan arzum haqq-ədalət uğrunda mübarizə aparan bütün soydaşlarımıza yardımçı olmasıdır!
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Nahid Qəhrəmanlı
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.