“Roma”nın kapitanı Françesko Totti karyerasını başa vurub – VİDEO

Əfsanəvi italiyalı forvard Françesko Totti bazar günü Romanın eyniadlı komandasında son oyununa çıxıb və klubda 25 illik futbolçu karyerasını başa vurub.
“Roma” İtaliya çempionatının cari mövsümdə keçirdiyi son oyununda “Cenoa”nı qəbul edib.
Qırx yaşlı futbolçu meydana ikinci hissənin əvvəlində çıxıb. Matç həm də intqira xarakteri daşıyıb. “Roma” İtaliya çempionatının Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək imkanı verən ikinci yeri uğrunda “Napoli” ilə mübarizə aparıb. Oyunun 90-cı dəqiqəsində Perotti “romalılar”a 3:2 hesablı qələbə gətirən qolu vurub. Beləliklə, “Roma” da “Yuventus” kimi İtaliyanı ÇL-nin qrup mərhələsində təmsil edəcək.
Qarşılaşmanın sonunda Tottinin azarkeşlərlə vida mərasimi keçirilib.
“Təəssüf ki, həmin an gəlib çatdı. Mən düşünürdüm ki, o, heç vaxt gəlməyəcək. Mən bu günlərdə özüm haqqında çox gözəl şeylər oxudum. Hər gün dəli kimi ağladım. Bu illər ərzində yanımda olduğunuz üçün sizə təşəkkür edirəm”, – deyə Totti azarkeşlərə bildirib.
Françesko Totti 25 il ərzində “Roma”da keçirdiyi 785 oyuna 307 qol vurub. O, həm də 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu adını qazanıb. Futbolçu “Skuadru Adzurru”da 58 matç keçirib və 9 qol vurub. O, İtaliya çempionatını cəmi bir dəfə – 2001-ci ildə qazanıb.