Səbail Məhkəməsinin anti-konstitusion qərarı – Ələsgər Məmmədli

Ələsgər Məmmədli, media hüququ eksperti
12 may 2017-ci ildə Səbail Məhkəməsi çox ciddi hüquq pozuntusuna yol verərək, cəmiyyətdə plüralizm üçün önəmli funksiya yerinə yetirən, rəsmi mənbələrə alternativ informasiya mənbəyi kimi tanınan, tənqidi mövqeləri ilə digərlərindən fərqlənən resursları (“Azadlıq” radiosunun, “Azadlıq” qəzetinin, Meydan Tv-nin, Turan tv-nin və “Azərbaycan saatı” proqramının rəsmi saytlarını) hüquqi əsasları olmayan iddia ilə ədalət mühakiməsi aparmadan sifarişli qərarla bağladı.
Bu zaman məhkəmə sistemli hüquq pozuntusuna yol verdi.
1. Belə ki, hətta mövcud İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunun tələbinə belə uyğun hərəkət etməyərək, bu qanunu da pozdu və bunun kölgəsində qanunsuz nəticəyə gəldi. Həmin qanuna əsasən bu iddia 5 gün ərzində yekunlaşmalı idi. Halbuki, 27 apreldən 16 gün sonra qətnamə çıxdı. Beləliklə, hakim çox açıq şəkildə prosessual hüququ pozdu. Bu isə öz növbəsində məhkəmənin qərarının mahiyyətinə baxmadan belə hüquq pozuntusunun baş verdiyinin sübutudur.
2. Hakim iddiaya əsas kimi göstərilən NRTYN-nin 27 mart 2017-ci il tarixli, QM0001 saylı qərarında AR Baş Prokurorluğunun 13-1\18 saylı məktubunda iddia edilən məqalələrdə “Konstitusiya quruluşunu zorla dəyişməyə, ictimai asayişi pozmaya yönələn destruktiv “hərəkətlərə” yol verməsinə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışların edilməsinə, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinə, yayılması qadağan olunan informasiyaların yerləşdirilməsinə”- yol verildiyini müəyyən etmədən, bu “iddiaların” təsdiqini göstərən konkret sübutları ortaya çıxarmadan belə bir qətnaməyə imza atması, konkret Konstitusiyanın 63-cü maddəsinin təqsirsizlik prezumpsiyasının pozulmasıdır və bu saytlara qarşı məhkəmə qətnaməsi ilə böhtan atıldığının təsdiqidir. Çünki, bu bəhs edilən saytların bağlanması üçün bəhanə edilən hərəkətlər əslində birbaşa cinayət əməlidir və tərəfləri məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan cinayətdə ittiham etmək yuxarıda dediyim hüquqların pozulmasıdır. Bir məktubla saytların 5-6 cinayət işlədiyi irəli sürülür və Səbail məhkəməsinin “savadlı” hakimi də bu iddinın həqiqiliyini müəyyən etmədən, öz qərarında buna söykənir. Beləliklə, Öncə NRYTN-yi bir məktuba əsaslanaraq heç bir araşdırma aparmadan, sonra isə Səbail Məhkəməsi yenə araşdırma aparmadan, iddiaların mövcud olub-olmadığını sübut etmədən təməl hüquq olan ifadə azadlığına qanunsuz müdaxilə etdi. Bununla da Konstitusiyanın 71-ci maddəsini ayaq altına atır.
3. Məhkəmənin hakimi qərar qəbul edərkən məhdudlaşdırdığı hüququn mahiyyətinə də xüsusi diqqət etməlidir. Məhdudlaşdırılması istənilən təməl insan hüquq və azadlıqlarından olan ifadə azadlığıdır. İfadə azadlığının məhdudlaşdırılması tələbini qiymətləndirərkən bunun demokratik cəmiyyətdə nə qədər zəruri olub-olmadığını müəyyən edərək, azadlığın mahiyyətini zədələmədən balanslı tətbiq etmək lazımdır. Deməli, hakim bu məsələni qiymətləndirərkən sadəcə bir ay öncə qüvvəyə minən və Konstitusiyanın bir çox normalarına (47-ci, 50-ci, 71-ci, 151-ci maddələrinə) zidd qəbul edilən qanundan öncə Konstitusiyaya, 151-ci maddənin tələbi olan Beynəlxalq aktların hüquqi qüvvəsinin üstünlüyü prinsipini nəzərə almalı, bütünlüklə üstün hüquq normalarına istinad etməli idi.
Eyni zamanda hakim heç olmasa Konstitusiyanın 12-ci maddəsini oxuyub, dərk etməli idi. Həmin maddədə birbaşa göstərilir ki, “Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Yəni hakim işə baxarkən, normaları Konvensiyanın 10-cu maddəsinə uyğun tətbiq etmək zorundadır. Bu, istəyə və ya keyfə bağlı bir imkan deyil, konstitusiyanın əmridir, hakimin borcudur. 71-ci maddədə deyilir: “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”.
Konstitusiyaya zidd qərar qəbul edən məhkəmə və onun hakimi özünü hüquqdan üstün görməməli, hüquqa hörmət etməlidir. Bu gün hüquqa zidd qərar verən hakimlər bunun məsuliyyətini dərk etməlidirlər. Onlar sifarişləri icra edərkən bir gün hüquq qarşısında dayananda həmin sifariş verənlərin müdafiəsindən mərhum qalacaqlarını ağılla dərk etməlidirlər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.