Səudiyyə Ərəbistanı ABŞ-ın ən böyük neft emalı zavodunu tam aldı

ABŞ-ın ən böyük neft emalı zavodu “Port Artur”un tamamilə Səudiyyə Ərəbistanının milli neft şirkəti “Aramco”ya təhvil verildiyi bildirilib.

“Marja” xəbər verir ki, “Port Artur” neft emalı zavodunun sahibi “Motiva Enterprises” adlı şirkətin 50 faizinə nəzarət edən İngiltərə-Hollandiya şirkəti “Royal Dutch Shell”dən edilən açıqlamada, “Motiva Enterprises” şirkətindəki 50 faizi payın “Aramco”ya təhvil verilməsi prosedurların tamamlandığı bildirilib.

Beləliklə, gündəlik orta hesabla 600 min barellik xam neft emalı gücü olan və ABŞ-ın ən böyük neft emalı zavodu olan “Port Artur” ilə bölgədəki 24 dağıtım terminalı  Səudiyyə  Ərəbistanının “Aramco” şirkətinin nəzarətinə keçib.

“Royal Dutch Shell”, mart ayında etdiyi açıqlamada, “Motiva Enterprises” şirkətinin və aktivlərinin “Aramco”ya 2,2 milyard dollara satılması üçün razılığa gəlindiyini bildirmişdi.

Mütəxəssislər, dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanın, gəlirlərini şaxələndirmək məqsədi ilə dünyanın ən böyük xam neft, maye yanacaq və neft məhsulları istehlakçısı olan ABŞ-da neft emalına fokuslandığını vurğulayırlar.

ABŞ Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, ötən il gündəlik orta hesabla 1,1 milyon barrellə Səudiyyə Ərəbistanı ABŞ-a ən çox xam neft ixrac edən ikinci ölkə olmuşdur. Kanada isə gündəlik orta hesabla 3,3 milyon barrellə ilk yeri tutur.