Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

Ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin ödənişlərinin Hökumət Ödəniş Portalı vasitəsi ilə qəbul edilməsi üçün proqram təminatı hazırlanıb.
Abzas.net xəbər verir ki, hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu, təhsil müəssisələrinin akkreditasiyası, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətlərin və sənədlərin qəbulu elektron xidmətlər tərəfindən həyata keçirilir.
Həmçinin, imtahan nəticələri haqqında və şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi də bu xidmətlərə daxildir.
Nazirlik xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası) və təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması ilə bağlı da eletron xidmətlər göstərir.
Təhsil Nazirliyi xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) xidməti üzrə proqram təminatının təkmilləşdirilməsinin tamamlandığını da açıqlayıb.