“Terrorizmlə müharibədə hər hansı bir din və ya mədəniyyət hədəf olmamalıdır”

“Biz Azərbaycanda bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi önəm veririk. Ölkəmizdə multikulturalizm və dözümlülük cəmiyyətimizi gücləndirən, birləşdirən uzunmüddətli ənənədir”.
Bu sözləri mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Azadlıq Radiosu-nun məlumatına görə, o qeyd edib ki, Azərbaycanda mindən artıq məscid, 11 kilsə, 6 sinaqoq və digər dini məbədlər heç bir mane olmadan fəaliyyət göstərir.
Nazir Azərbaycanın keçmişdə terrorun dəhşətləri ilə qarşılaşdığını deyib.
“Terrorizm vandalizm və barbarlıq aktıdır. Stabillik və insan hüquqlarının ifadəsinə birbaşa təhlükə yaradır. Azərbaycan terrorizm və zorakı ekstremizmin bütün formalarını qınayır. Terrora qarşı qlobal mübarizədə müxtəlif beynəlxalq tərəfdaşlarla fəal şəkildə əməkdaşlıq edir”, deyən nazir vurğulayıb ki, terrorizmlə müharibədə hər hansı bir din və ya mədəniyyət hədəf kimi istifadə olunmamalıdır.