Ümumrusiya Azərbaycan Konqresi ləğv edildi

Ümumrusiya Azərbaycan Konqresinin sədri Fazil Qurbanov
Mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses yekunlaşıb.
ÜAK-ın prezidenti Fazil Qurbanov APA-ya açıqlamasında qərarı ədalətsiz adlandırıb. O, apelyasiya şikayəti verəcəklərini bildirib.
Ədliyyə Nazirliyindən bir müddət əvvəl verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyi “İctimai təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.