Usmanov Navalnının “üzünə tüpürməkdə” davam edir

“The Guardian” yazır ki, rusiyalı milyarder və Arsenal futbol klubunun səhmdarı Alişer Usmanov Vladimir Putinin qatı tənqidçisi və antikorrupsiya fəalı Aleksey Navalnının üzərinə internet hücumlarını davam etdirib.
Hazırda Arsenal klubunun tam sahibliyini əldə etməyə çalışan əslən özbək Rusiya milyarderi ötən həftə Navalnıya videomüraciətini “tüpürüm sənin üzünə” sözləri ilə bitirmişldi. Çərşənbə günü Usmanov ikinci videonu internetə yükləyib və yenə də müraciətinin sonunda deyib: “Bir də tüpürüm sənin üzünə”.
Məqalədə deyilir ki, gələn il keçiriləcək prezident seçkisində Putinə rəqib olmağı planlaşdıran Navalnı ötən ay baş nazir Dmitri Medvedevi korrupsiyada ittiham edən video hazırlamışdı. Navalnı həmin videofilmdə Medvedevin Usmanovdan rüşvət aldığını iddia edirdi.
Usmanov videomüraciətində Navalnını məhkəməyə verəcəyi ilə hədələyirdi.
“The Guardian” yazır ki, özünün birinci videosunda Usmanov təmkinli görünməyə çalışır, lakin hirsini gizlətdiyi hiss edilirdi. O həm də Navalnıya elə hey “sən” deyə müraciət edirdi.
Usmanov Arsenal futbol klubu səhmlərinin 30 faizinə sahibdir və bu yaxınlarda klubu tam almaq üçün 1, 3 milyard dollar təklif edib. Lakin klub onun bu təklifini rədd edib.
Özbəkistanda doğulmuş Usmanov SSRİ vaxtlarında Sovet Özbəkistanında 6 il həbsxanada olub. Onu iqtisadi cinayətlərə görə məhkum etsələr də, Usmanov siyasi motivlərlə məhbus edildiyini iddia edir.
“The Guardian” yazır ki, Kreml Navalnının küçə etirazlarını təşkil etmək qabiliyyətindən xəbərdardır və buna görə də onu, çox güman prezident seçkisinə buraxmayacaqlar.
Lakin Usmanov iddia edir ki, Navalnının mübarizəsi onun paxıllıq etdiyinə görədir.
“Mən hiss edirəm ki, sən əfəl və uğursuz biznesmen olmusan” – deyir Usmanov.
Usmanov elan edir ki, indiyədək dövlətə bir milyard dollar vergi ödəyib və elə o qədər də xeyriyyəyə xərcləyib.
“Mən səndən fərqli olaraq sahibi olduğum hər şeyi, yaxta və təyyarəni də öz pulumla almışam” – deyir özbək biznesmen.
Navalnı Usmanovun videomüraciətinə dərhal videocavab verib.
“Rusiya və Britaniyada ən varlı adam Alişer Usmanov həvəskar videbloger olub” – deyib Aleksey Navalnı cavabında.
O bunun ardınca Usmanova deyir ki, “bizim hədəfimiz rüşvət alanlardır, lakin biz sənin kimi rüşvət verənləri də cəzalandıracağıq”.
MƏNBƏBBC
Əvvəlki məqaləMançester hücumu: Britaniya dəlillərin ABŞ mediasında yayılmasından “qəzəblənib”
Növbəti məqalədəAzərbaycanda bəzi siqaretlərin qiyməti ucuzlaşıb – [Siyahı]