Vəkil: “Şair Tofiq Həsənlinin ürək ağrıları var”

Həbsdəki satirik şair Tofiq Həsənlinin səhhətində problemlər yaranıb.
Abzas.net xəbər verir ki, bu barədə məlumatı T.Həsənlinin vəkillərindən Elçin Sadıqov verib.
Vəkil bu gün, mayın 18-də şairlə saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində görüşüb.
“Əhvalı yaxşıdır, ancaq səhhətində ciddi problemlər var. Ürək nahiyəsində kəskin ağrılar hiss edir. Müəssisə rəhbərliyinə müraciətlər etsə də onun müayinə edilməsi ilə bağlı addımlar atılmır”, – vəkil bildirib.
Vəkil şairin müalicə olunmasına şərait yaradılmasından ötrü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə müraciət edəcəyini bildirib.
Vəkilin açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.