Əfqan Muxtarlı tibbi ekspertizadan keçirilib

Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlını tibbi ekspertizadan keçiriblər. Bu barədə Turan-a onun vəkillərindən Nemət Kərimli bildirib.
Müdafiə etdiyi şəxslə iyunun 30-da təcridxanada görüşən vəkili tibbi ekspertiza barədə tələbinin Ə.Muxtarlının Azərbaycana gətirilməsindən 31 gün sonra təmin olunmasını xüsusi vurğulayıb: “Onu bu gün – döyülməsindən 31 gün sonra tibbi ekspertizadan keçiriblər. Ə. Muxtarlı Tbilisidə öz evinin yaxınlığında oğurlandıqdan sonra Gürcüstan ərazisində işgəncəyə məruz qalmışdı. Ona xəsarətlər yetirilmişdi. Bu haqda ilk gündən tibbi ekspertizanın keçirilməsi barədə vəsatətlər qaldırılmışdı. Qanunla tibbi ekspertiza dərhal keçirilməli idi. Amma bunu 31 gün sonra – Ə.Muxtarlının xəsarətləri sağaldıqdan sonra ediblər”, deyə vəkil qeyd edib.
Vəkilə görə, tibbi ekspertizanın 31 gün sonra keçirilməsi jurnalistin döyülməsi faktını aşkar etmək yox, ört-basdır etmək məqsədi daşıyıb.
Xatırladaq ki, Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etməkdə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirdiyinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.