Əfqan Muxtarlının oğurlandığı küçələrdəki müşahidə kameraları müəyyən edilib

Əfqan Muxtarlı
“10 iyun 2017-ci il tarixdən 11 iyun 2017-ci il tarixədək Gürcüstanda oldum və Əfqan Muxtarlının işi üzrə araşdırmamı davam etdirdim. Onun oğurlandığı yerdən, aparıldığı küçələrlə hərəkət etdim şəhərin, küçələrin və yolların təhlükəsizlik, rentgen, üz tanıyan və müşahidə kameralarının yerlərini müəyyən etdik və onların şəkillərini çəkdik”.
Abzas.net xəbər verir ki, bu barədə Əfqan Muxtarlının hüquqlarını Azərbaycanda müdafiə edən vəkil Elçin Sadıqov məlumat yayıb yazıb.
“Baxışımızı Lagodekhi Sərhəd Keçid Məntəqəsinə (Azərbaycan-Gürcüstan sərhədi- Bakıdan 470 kilometr şimal-qərb) qədər davam etdirdik. Bizləri jurnalistlər də müşahidə edirdi. Gürcüstan tərəfin sərhədçiləri ilə söhbət etdik və onlar bildirdi ki, həmin ərazidən qeyri-qanuni keçmək imkanı yoxdur, ərazi tamamilə müşahidə altındadır və bu fiziki baxımdan da mümkün deyil”, vəkil qeyd edib.
Vəkil iyunun 11-də təsadüfən Gürcüstanın kriminal polisləri ilə rastlaşdığını da bildirib.
“Təsadüfən yolda avtomobil arxadan kriminal polisin avtomobilini vurdu. Avtomobildən düşənlərin belində tapança olması diqqətimi çəkdi və ətrafdakılardan onların kim olduğunu soruşdum. Bildirdilər ki, kriminal polisdir, avtomobil də kriminal polis qurumunun avtomobilidir, dövlət nömrəsidir.
Şəkillərini çəkməyə icazə olub-olmadığını soruşdum. Ətrafdakılar bildirdilər ki, Gürcüstan demokratik ölkədir çəkə bilərsiniz. Mən də şəkillərini çəkdim. Bu gün şəkilləri Əfqan Muxtarlıya təqdim etdim və bildirdi ki, həqiqətən onlar kriminal polislərdir, onu oğurlayan avtomobilin də çox güman ki, modeli belə idi, avtomobil kriminal polisin avtomobilidir”, – deyə E.Sadıqov bildirib.