Əfqan Muxtarlının xanımı zərərçəkən kimi tanınmasını istəyir

Leyla Mustafayeva həyat yoldaşının – jurnalist Əfqan Muxtarlının işi üzrə zərərçəkən kimi tanınmasını istəyir.
Artıq ailənin vəkili Arçil Çopikaşvili bununla bağlı Tiflis Məhkəməsinə müraciət edib. Jurnalistin ailəsi və müdafiəçiləri qanunvericiliyin bütün imkanlarından istifadə etməyi düşünürlər.
Vəkil bildirib ki, üçüncü həftədir istintaq aparılır, lakin onlar iş materialları ilə hələ indi tanış ola biliblər:
“Cinayət işi yüngül maddə ilə açılıb. Halbuki adam oğurluğu ağır cinayətdir. Oğurluğu mütəşəkkil dəstə həyata keçirib və bu dəstənin rəhbəri olub. Hələ də bir çox suallar var. Bu cinayəti kimin köməyi ilə törədiblər? Birbaşa iştirak olmayıbsa belə, bu cinayət hadisəsi kimin səhlənkarlığı ucbatandan baş verib?”.