Əfqan Muxtarlının “yoxa çıxdığı” yerdəki kamera görüntüləri pozulub? [Video]

Jurnalist Əfqan Muxtarlının Gürcüstanda yoxa çıxması və Azərbaycanda “peyda” olması ilə bağlı daha bir maraqlı nüans meydana çıxıb.
Abzas.net xəbər verir ki, bu barədə Əfqan Muxtarlının Gürcüstandakı vəkili Archil Chopikashvili məlumat verib.
Vəkil bildirir ki, Əfqan Muxtarlının oğurlandığı zaman qeydə alınan video görüntülərin silindiyi istisna edilmir.
Vəkil bununla bağlı istintaq orqanlarına müraciət edəcəyini bildirib. A.Chopikashvili Daxili İşlər Nazirliyindən jurnalistin oğurlanmasının əks oluna biləcəyi bütün kadrları göstərməyi xahiş edib.
Hələlik DİN-in bu videomaterialları açıqlayacağı bilinmir. Lakin araşdırma qrupu jurnalistin hərəkət marşrutu üzrə epizod əldə edə bilib.
Videoyazı göstərir ki, çəkiliş qəfil dayanır və başqa görüntüyə keçir. Videomateriala əsasən, yağışlı hava günəşli hava ilə əvəzlənir. Mənzərə və parklanan avtomobillər də fərqlidir.
Xatırlatma
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.