“ABŞ Əfqan Muxtarlı hadisəsini ciddi insident hesab edir”

ABŞ-ın Gürcüstandakı səfiri Jan Kelly azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması faktına münasibətini bildirib. O bildirib ki, baş verən hadisə ilə bağlı Gürcüstan hakimiyyəti ilə daim əlaqə saxlamışdır.
ABŞ səfiri Gürcüstan hökumətinə inandığını vurğulayaraq, hadisənin hərtərəfli araşdırılacağına ümid edir.
Biz Əfqan Muxtarlının məsələsini ciddi bir hadisə hesab edirik. Biz Gürcüstan hökuməti ilə əlaqə saxlayırıq və öz mövqeyimizi açıq şəkildə ifadə etmişik ki, bu məsələ hərtərəfli araşdırılmalıdır. Əminik ki, Gürcüstan hökuməti də məsələyə çox ciddi yanaşır. Biz hökumətə və bu məsələnin hərtərəfli araşdırılacağını bəyan edən baş nazirə inanırıq. Biz eyni zamanda inanırıq ki, Əfqan Muxtarlıya qarşı normal münasibət göstərilir və bu işdə ədalət öz sözünü deyəcək. Biz istintaq başa çatana qədər əlavə açıqlama verməməyə çalışacağıq,”- deyə Jan Kelly bildirib.
Jurnalist Ə.Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifidir.