Almaniya qoşunlarını Türkiyədən çıxarır

“The Telegraph” qəzetinin Berlin müxbiri Justin Huggler yazır ki, Almaniya Türkiyədə NATO müttəfiqliyi çərçivəsində yerləşdirilmiş hərbi hissəsini və təyyarələrini bu ölkədən çıxarmaq barədə qərar qəbul edib.
Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, Türkiyə ilə son danışıqlar onun ölkəsinin qarşısında qoşunları çıxarmaqdan başqa seçim qoymayıb.
Almaniyanın 260 hərbçisi və bir neçə Tornado təyyarəsi Türkiyənin İncirlik hava bazasında mənzillənib. Almanlar Qərbin İŞİD-ə qarşı hava zərbələri üçün kəşfiyyat xidməti ilə məşğuldur.
Türkiyə artıq bir xeyli müddət idi ki, Almaniya millət vəkillərinin İncirlik bazasındakı əsgərlərə baş çəkməsinə icazə vermirdi. Belə güman edilir ki, Türkiyə bunu ötən ilin iyulunda baş vermiş çevriliş cəhdində şübhəli bilinənlərdən bəzilərinin Almaniyada sığınacaq alması və Berlinin onları ekstradisya etməməsinə cavab addımı olaraq edib.
Cənab Gabriel məsələni yoluna qoymaq üçün son cəhd məqsədilə ötən bazar ertəsi Ankaraya uçmuşdu. Lakin bu danışıqlar baş tutmamış, daha doğrusu baş nazir Binali Yıldırım almaniyalı naziri qəbul etməkdən boyun qaçırmışdı. Halbuki bu görüş barədə əvvəlcədən razılıq əldə olunmuşdu.
“Biz qoşunlarımızı İncirlikdən çıxarmalıyıq. Bundesver daha orada qala bilməz” – deyib Gabriel türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə danışıqlardan sonra, – Türkiyə açıq şəkildə bildirdi ki, daxili siyasi məsələri ilə bağlı Almaniya millət vəkillərinin səfərinə icazə verə bilməz. Türkiyə başa düşməlidir kİ, belə bir situasiyada biz alman əsgərləri İncirlikdən transfer etməyə məcburuq”.
Bəzi xəbərlərə görə Gabriel Türkiyədən alman millət vəkillərinin İncirliyə gələ biləcəyi barədə yazılı zəmanət almaq istəyirmiş.
Lakin buna cavab olaraq Çavuşoğlu deyib ki, “Almaniyanın bir sıra millət vəkilləri Kürdüstan İşçi Partiyası və ya PKK ilə əlaqə saxlayırlar və buna görə də aviabazaya təhlükəsizlik mülahizələri ilə buraxıla bilməzlər”.
Maraqlıdır ki, alman millət vəkillərinin İncirliyə gəlməsinə icazə verməyən Türkiyə, onların Konya bazasındakı alman əsgərlərə baş çəkməsinə razılıq verib.
İndi gözlənilən budur ki, Almaniya İŞİD-ə qarşı əməlyiyyatların davam etdirilməsi üçün qoşunlarını İncirlikdən, çox güman İordaniyaya transfer edəcək.
Almaniyada millət vəkillərinin ordu ilə əlaqələri həssas məsələdir, beləki, ölkənin müharibədən sonrakı Konstitusiyasına görə silahlı qüvvələrə komandanlıq funksiyası parlamentə məxsusdur.
Bu son mübahisə Almaniya və Türkiyə arasında bir müddətdir ki, davam edən diplomatik toqquşmaların ən ciddisidir.
Çavuşoğlu Almaniyadan iyul çevriliş cəhdində şübhəli bilinən hərbçilərin ekstradisiya olunmasını tələb edirdi.
İki nazir habelə Türkiyədə saxlanılmış ikili vətəndaşlıqlı jurnalist Deniz Yücelin həbsinə görə toqquşmuşdular. Türkiyə bu jurnalisti “terror təbliğatını yaymaqda” ittiham edirdi.
Çavuşoğlu iddia irəli sürmüşdü ki, Qərb jurnalistlərdən Türkiyəyə qarşı casusluq üçün istifadə edir.
“Türkiyə və Almaniya arasında problemlərin olmasına səbəb yoxdur, – deyib Çavuşoğlu, – Almaniya müsbət addımlar atsa, Türkiyə tərəfi də müsbət addımlar atacaq”.