Avropa Parlamentinin deputatı Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda görüşlər keçirir

Avropa Parlamentində ALDE (Avropa Liberal və Demokratlar ittifaqı) fraksiyasının vitse-prezidenti Henrix Bax Mortensen Gürcüstanda rəsmi səfərdədir. Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Avropa rəsmisi Gürcüstanda ALDE üzvü olan Azad Demokratlar və Rerspublikaçılar partiyalarının təmsilçiləri ilə görüşüb. Həbsdə olan jurnalist Əfqan Muxtarlı işi ilə bağlı məlumat toplayan vitse-prezident deyib ki, bu məsələ  Gürcüstan üçün demokratiya sınağıdır.
İyunun 27-də Tbilisidə Henrix Bax Mortensen Müsavat başqanı Arif Hacılı ilə görüşəcək. Arif Hacılının həmçinin Azad Demokratlar və Respublikaçılar partiyalarının təmsilçiləri ilə görüşü planlaşdırılır. Görüşlərdə Əfqan Muxtarlının işi və Gürcüstanda mühacirətdə olan soydaşlarımızın təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
Müsavat Partiyası ALDE-nin üzvüdür. Bundan öncə ALDE qrupu Əfqan Muxtarlının dərhal həbsdən azad olunmasını tələb edib, Müsavat Partiyası və onun başqanı Arif Hacılıya dəstəyini ifadə edən bəyanat yaymışdı.
Xatırlatma
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, rəsmi qurumların açıqlamasına görə, jurnalist saxlanarkən hüquq mühafizə orqanları əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.