“Azərbaycan hakimiyyəti Əfqan Muxtarlını təcili azad etməlidir”

”Gürcüstan hakimiyyəti çevik və şəffaf araşdırma aparmalı, nəticə ilə bağlı zəruri tədbirlər görməlidir”
“Mən azərbaycanlı jurnalist və fəal Əfqan Muxtarlının başına gələnlərdən sarsılmışam. O, Tbilisidə oğurlanıb, amansızcasına döyülüb, güclə Azərbaycana verilib. Orada onu qaçaqmalçılıq və sərhəddi qanunsuz keçmək ittihamı ilə həbs ediblər”.
Bu barədə Avropa insan hüquqları komissarı Nils Mujnieks bildirib.
“Göz önündə ciddi pozuntular baş verir ki, bu da maksimum diqqət və Gürcüstan hakimiyyətinin təcili reaksiyasını tələb edir. Gürcüstan hakimiyyəti çevik və şəffaf araşdırma aparmalı, nəticə ilə bağlı zəruri tədbirlər görməlidir.
Öz növbəsində Azərbaycan hakimiyyəti Əfqan Muxtarlını təcili azad etməli və onun hüquqlarını tam təmin etməlidir”, – N.Mujnieks vurğulayıb.
Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.
Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.
“Cinayət Məcəlləsinin 315.2, 318.1 və 206.1 maddələri ilə ittiham edilir. Yəni, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq”, – deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.
Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.
MƏNBƏTuran İA
Əvvəlki məqaləAÇG-nin dərin hissələrində qaz hasilatına 2026-cı ildə başlanılacaq
Növbəti məqalədəAzərbaycan yaxın 3 ildə qaz hasilatını 45 mlrd. kubmetrə çatdıracaq