Baş Prokurorluq deputat Elman Nəsirovla bağlı bəyanat verib

Azərbaycan Baş Prolurorluğu Milli Məclisin deputatı ELman Nəsirovun jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı dediklərinə görə bəyanat yayıb.
Abzas.net xəbər verir ki, prokurorluğun bəyanatında deputatın dediklərinin həqiqəti əks etdirmədiyi bildirilir.
“Deputat Elman Nəsirovun Əfqan Muxtarlının guya Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq Azərbaycana gətirilməsi barədə kütləvi informasiya vasitələrinə verdiyi informasiyalar həqiqəti əks etdirmir”.
Baş prokurorluq bəyan edir ki, Azərbaycan hüquq mühafizə orqanları Gürcüstan xüsusi xidmət və digər hüquq mühafizə orqanları ilə Ə.Muxtarlının həbsiylə bağlı əməkdaşlıq etməyib və bu barədə Gürcüstan tərəfinə hər hansı müraciət göndərməyib.
“İlkin istintaq araşdırmalarına əsasən Azərbaycan Respublikasının vətəndaşı Əfqan Muxtarlı 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb”, – deyə açıqlamada bildirilir.
Bəyanatda deyilir ki, Ə.Muxtarlının xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Tbilisi şəhərində tutularaq Azərbaycan tərəfinə təhvil verilməsi barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar uydurma xarakter daşıyır və ictimai rəyi çaşdırmaq məqsədi güdür.
“Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq davam etdirilir və işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaqla Ə.Muxtarlının əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir”, – deyə Baş Prokururluğun bəyanatında deyilir.
Ə.Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan oğurlanaraq Azərbaycana təhvil verildiyini deyir.
Əfqan Muxtarlı
Ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir.
Həmçinin, jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi.
Jurnalist hakim ailənin Gürcüstandakı biznesi ilə bağlı bir sıra araşdırma yazılarının da müəllifidir.
Amnesty International Əfqan Muxtarlı vicdan məhbusu elan edib. Üzvü olduğu Nida Vətəndaş Hərəkatı da jurnalistin saxta ittihamlarla, fəaliyyətinə görə həbs olunduğunu bildirir.