Cahangir Hacıyev 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü

Cahangir Hacıyev
Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu haqda Azadliq.info xəbər yayıb. m
Məlumata görə, Cahangir Hacıyev Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında bacısı Əminə Hacıyeva ilə görüş zamanı gəlib onu anidən aparıblar.
Təcridxana əməkdaşları görüşün başa çatmasını gözləmədən sabiq bankiri cəzaçəkmə müəssisəsinə köçürüblər.
13 saylı cəzaçəkmə müəssisəsi Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşir. Bu müəssisədə qışda istilik, yayda da suyun çox ciddi problemə çevrildiyi deyilir. Elə bu günlərdə də mətbuatda sözügedən cəzaçəkmə müəssisəsində bir həftə su olmadığı haqda xəbərlər yayıldı.
Siyasi motivlərlə cəzalandırılan siyasi məhbusların bir çoxu bu müəssisəyə göndərilir. Tanınmışlardan Müsavat başqanının müavini Tofiq Yaqublu, keçmiş səhiyyə naziri Əli İnsanov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, jurnalist Pərviz Həşimli, blogger Əbdül Əbilov və digərləri həmin müəssisədə saxlanılıb.
Hazırda “Nida” Vətəndaş Hərəkatının 3 üzvü – 8 il azadlıqdan məhrum edilən vicdan məhbusu İlkin Rüstəmzadə, sosial şəbəkədə tənqidi fikirlər yazdığına görə 5 il 6 ay həbs cəzası verilən Elgiz Qəhrəman və Heydər Əliyevin heykəlini yazdığına görə 10 il həbs cəzası alan Bayram Məmmədov 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.