Dünya Bankı: Bu il Azərbaycanda ÜDM 1.4 faiz azalacaq

“2017-ci ildə Azərbaycanda ÜDM 1.4 faiz azalacaq. 2018-ci ildə isə 0.6 faiz artacaq”. 
Bu barədə Azadlıq Radiosu Dünya Bankının (DB) yenilənmiş proqnozuna istinadən məlumat verib.
Bankın “2017-ci il Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında isə bildirilir ki, 2017-ci il qlobal iqtisadi artım 2.7 faiz həddində möhkəmlənəcək.
Səbəb isə emal sənayesi və ticarətdə yüksəliş, bazara inamın artması, xammal qiymətlərinin sabitləşməsi və bütün bunların inkişaf etməkdə olan ölkələrdə artıma imkan verməsi olacaq:
“Bu il qabaqcıl iqtisadiyyatlarda artım 1.9 faizədək yüksələcək. Bundan həmin ölkələrin ticarət tərəfdaşları da faydalanacaq”.
Dünya Bankı yeni yaranan bazarlarda və inkişaf etməkdə olan ölkələrdə isə artımın ötənilki 3.5 faiz səviyyəsindən bu il 4.1 faizə yüksələcəyini vurğulayır:
“2014-cü ildə neftin qiymətlərinin xeyli artması, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin gəlirlərinin yarıdan çoxunun karbohidrogen ehtiyatlarından əldə etməsiylə sonuclanıb. Bu səbəbdən qiymətlərin qəfil düşməsi enerji ixracatçısı olan ölkələri kəskin fiskal dəyişikliklərə məcbur etdi, maliyyə ehtiyatları azaldı. Xammal ixracatçıları bəzi büdrəmələrə baxmayaraq, iqtisadiyyatlarını bərpa etməkdədirlər… İlin əvvəlinə olan bilgilər Azərbaycan iqtisadiyyatında da dirçəliş əlamətlərini büruzə verir. Buraya qeyri-neft sektoru da daxildir”, – hesabatda deyilir.
Dünya Bankı bu il xammal ixracatçılarında artımın sürətlənəcəyini də bildirir. Ancaq Azərbaycanda istehsalat (ÜDM) azalmaqda davam edəcək. Düzdür, bu, ötənilkindən daha yavaş gedəcək. Qurum bank sistemindəki zəifliklərin, sərt pul-kredit siyasətinin artıma təsir göstərdiyini bəyan edir:
“Ancaq bank sektoru da daxil olmaqla, hökumətin apardığı struktur islahatlar Azərbaycan, Belarus və Qazaxıstanda artımın yüksəlməsinə səbəb olacaq”.
Hesabatda Azərbaycan da daxil, bir sıra ölkələrdə bank sektorunun sağlamlaşdırılması prosesinin uzana biləcəyini də vurğulanır:
“Rusiyadakı artımın bu il 1.3 faiz, gələn il 1.4 olacağı proqnozlaşdırılır. Qazaxıstandakı artım isə bu il üçün 2.4 faiz, gələn ilə 2.6 faiz civarında gözlənir. Xammal idxalçısı ölkələrdən Türkiyədə bu il artım 3.5 faiz olacaq”.