Ekspertlər: “Banklara etimad azalmaqda davam edir”

Azərbaycan banklarının məcmu aktivləri mayın 1-i üçün 30 mlrd 779,2 mln manat olub. Bunun 28 mlrd 31,6 mln manatı ümumi öhdəliklər, 2 mlrd 747,6 mln manat sektorun balans kapitalıdır.
Bu barədə Maliyyə Bazarına Nəzarət Palatasının icmalında bildirilir. Banklarda əhalinin əmanətləri 6 mlrd 847,5 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 12% azdır.
Banklardan kapital axını davamlı xarakter alıb və bunu rəqəmlər də göstərir. Belə ki, 1 yanvar 2017-ci il üçün əhalinin əmanətləri 7 mlrd 448 mln manat idisə, 1 aprel üçün 6 mlrd 911,4 mln manata düşüb. 2017-ci ilin yanvar-martında əhalinin bank əmanətləri 7,2% azalıb.
Bundan başqa, ilin əvvəlindən ölkədə restrukturizasiya nəticəsində 9 filial bağlanıb, 653 əməkdaş ixtisar edilib.
“Son vaxtlar vəziyyət sabitləşsə və manat möhkəmlənsə də, əhalinin banklara etimadsızlığı yüksəkdir. Ona görə depozitlər azalmaqda davam edir. Hamıya aydındır ki, bu proseslər qısamüddətli xarakter daşıyır, ona görə adamlar əmanətlərini götürməyə çalışır”, – deyə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev Turan-a bildirib.
Ekspertin sözlərinə görə, son sosioloji sorğular göstərib ki, ölkə əhalisinin yarıdan çoxu kredit təşkilatlarına inanmır. Bu kütləvi inamsızlığın səbəbi iqtisadi tənəzzül fonunda manatın devalvasiyasıdır. Nəticədə kredit borcunu ödəmək mümkün olmur. Eyni zamanda, kriminal sxemlərlə biznes strukturlara iri kreditlərin verilməsi də bankların likvidliyinə təsir edib. Banklara inamsızlıq hökumətin maliyyə siyasətinin nəticəsidir.
Yeri gəlmişkən, Ernst & Young beynəlxalq auditor şirkətinin rəyinə görə, ABŞ-da əhalinin 57%-i qorxmadan əmanətlərini banklara qoyur. Əhalinin 33%-i maliyyə məhsulları və xidmətlərinin tədarükçülərinin məsləhətinə inanır. Almaniyada bu göstəricilər bir qədər aşağı – 56% və 30%, Avstraliyada isə müvafiq olaraq 51% və 20%-dir.
“Problemli aktivlərin artmasına səbəb olan iqtisadi qeyri-sabitlik, eləcə də AMB tərəfindən banklara nəzarətin sərtləşdirilməsi nəticəsində bir çox kredit təşkilatları ziyanı ödəmək üçün kapital yetərsizliyi ilə üzləşib. Nəticədə bank sektorunda “təmizlik” işləri aparılıb və müştərilərin banklara ümidi sarsılıb, çünki qoyulan vəsaitlər itirilir”, – deyə iqtisadçı Azər Mehdiyev qeyd edir.
Daha bir vacib məqam: bankların mənfəəti barədə hesabat verməməsi, banklar ətrafında daimi neqativ fon da bu strukturlara etimadı azaldır.
Mehdiyevin fikrincə, əhalinin banklara olan etimadını AMB rəhbəri və bir sıra nazirlərin gurultulu bəyanatları ilə bərpa etmək olmaz.
Bunun üçün milli valyuta ARDNF-dən transfertlər hesabına yox, iqtisadiyyatın inkişafı və büdcə gəlirlərinin artırılması hesabına möhkəmləndirilməlidir. Söhbət xammal, neft modelindən inkişafın sənaye modelinə keçiddən gedir. İqtisadiyyatın real sektorunun inkişafının stimullaşdırılması üçün tədbirlər görülməlidir. Savadlı və ölçülmüş siyasət yürüdülsə, hər şeyi xilas edib, gələcəkdə bank sisteminə şans vermək olar.