Gürcü politoloq: “Əfqan Muxtarlıya görə nazirlərin qurban verilməsi yetərli deyil”

Avropa Parlamentinin jurnalist Əfqan Muxtarlı ilə bağlı qətnaməsi Gürcüstan hökumətinə xəbərdarlıqdır. Lakin “Gürcü Arzusu” hökuməti avropalı deputatların kəskin tənqidinə cavab olaraq bildirib ki, qətnamədə onların dedikləri təkralanır.
Bu barədə Gürcüstanın “Rezonansi” nəşrinin “”Arzuya” Avropadan sarı kart” adlı məqaləsində deyilir.
Nəşrə açıqlamasında politoloq Qiya Xuxaşvili qeyd edib ki, Gürcüstan hökuməti özünü elə aparır ki, güya heç nə anlamır. Ancaq əslində ölkənin qarşısında çox ciddi problem dayanır və düzəldilməsi mümkün olmayan çox böyük səhvə yol verilib.
“Ortada fundamental dəyərlər, Avropa İttifaqı və Avropa Parlamenti ilə əlaqələr, həmçinin iki ölkə arasında münasibətlər dayanır. Azərbaycan bizim üçün sadəcə tərəfdaş deyil. Ona görə də bu çox həssas mövzudur. Bu gün biz dalana dirənmişik və bu problemdən çıxış yolu yoxdur”, – deyə politoloq vurğulayıb.
Politoloqun fikrincə, siyasi qurbanlar verilməlidir. Bu, avropalı tərəfdaşların neqativ münasibətini dəyişmək üçündür. Lakin nazirlərin istefası ilə problemi həll etmək mümkün deyil. Bunun üçün sistem xarakterli siyasi addımlar lazımdır.